PDF Oxu

Siyasət

  • 810

Xankəndi yenidən qurulur və inkişaf edir TƏHLİL

image

3 saat 40 dəqiqəlik Xankəndi səfərim məndə xoş təəssüratlar yaratdı

Bu gün Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərdən birinə çevrilib. Xüsusilə də işğaldan azad edilən ərazilərdə ardıcıl olaraq tədbirlərin təşkil edilməsi, beynəlxalq konfransların keçirilməsi, dost, qardaş ölkələrin hökumət və dövlət başçılarının iştirakı ilə baş tutan görüşləri Azərbaycanın dünyada mənəvi-humanitar mərkəzlərdən birI olduğunu təsdiqləyir. 28 May 2025-ci il tarixində Azərbaycan, Türkiyə, Pakistan dövlət başçılarının Laçında baş tutan görüşü ölkəmizin gücünü, xalqlarımızın gələcəyə olan böyük inamı, bölgədə sülh və təhlükəsizliyin tam təmin olduğunun dünyaya nümayişi idi. Təbii ki, uğurlar, böyük nailiyyətlər hələ qabaqdadır. Bizləri daha firavan, gözəl həyata gözləyir. Digər tərəfdən biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq. Ö dövlətin ki, iki yüz il ərzində daim xarici işğallarla üzləşməklə torpaq itkisinə, kütləvi insan ölümlərinə məruz qalmışıq, yüzlərlə şəhər və kəndimiz işğallar nəticəsində yer üzündən silinib, yaşı min illər olan tarixi, memarlıq abidələrimiz məhv edilib, məscidlərimiz, ibadət ocaqlarımız, ziyarətgahlarımız vandal hücumları nəticəsində dağıdılıb. Təkcə 30 illik erməni işğalı zamanı on minlərlə tarixi abidələrimiz, memarlıq nümunələrimiz, pirlər, ziyarətgahlar darmadağın edilib. Ümumilikdə iki əsr ərzində erməni terror maşınının vəhşiliyi nəticəsində iki milyondan çox azərbaycanlı öldürülmüş, minlərlə şəhər, kənd və qəsəbə məhv edilərək, yer üzündən silinib. Təəssüflər olsun ki, bu kimi ağrılı-acılı bəlalar, yalın azərbaycanlılara qarşı deyil, həm də müxtəlif qitələrdə yaşayan digər müsəlmanlara qarşı da həyata keçirilib. Ancaq Azərbaycan başqa xalqlardan fərqli olaraq daim ədalətin bərpası uğrunda mübarizə aparıb. Bu yolda çoxsaylı insan itkiləri verib, mənəvi, psixoloji zərərlər görüb, ancaq hədəfinə çatmaq uğrunda apardığı mübarizə yolundan dönməyib, susmayıb və ruhdan da düşməyib. Nəhayət o gün yetişdi və xalq öz liderinin müdrik siyasəti, sərkərdəlik məharəti nəticəsində öz arzusuna və istəyinə çatdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağda kök salan terrorçu hərbi birləşmələr tamamilə məhv edildi və terrorçuların əsas başçıları həbs olunaraq istintaq orqanlarına təhvil verildilər.

Qarabağın “Çin səddi” adlandırılan Əsgəran qalası

İşğaldan azad edilən ərazilərimiz yenidən qurulur. Ermənilərin viran qoyduğu tarixi abidələr, memarlıq nümunələri bərpa və təmir işlərindən sonra öz əvvəlki görkəminə qaytarılır. Belə erməni vandalizminin qurbanı olan tarixi tikililərdən bir də 1751-ci il də Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan və Qarabağın “Çin səddi” adlandırılan Əsgəran qalasıdır. Erməni vəhşiləri işğal dövründə Əsgəran qalasını özününküləşdirməyə cəhd etmiş və bu məqsədlə tarixi abidənin görkəminə müxtəlif anormal uydurma cızma-qaralar etmişlər. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası terrorçu toplumdan azad edilmişdir. Qala azadlığına qovuşduqdan dərhal sonra tədqiqatçılların, memarların iştirakı ilə yenidən əvvəlki vəziyyətinə gətirilmişdir. Qalaya nəzər yetirərkən heyran qalırsan. Bu baxımdan istər yerli, istərsə də xarici turistlər Əsgəran qalasını ziyarət edirlər. Həyat elə gətirdi ki, Qurban bayramı tətilindən istifadə edərək qalanı mən də ziyarət etmək şansını qazandım. Ulularımızdan bizə miras qalan qalaya baxmaqdan doymadım. Əlimlə qalanın divarlarını sığalladım, qalanın üstünə çıxıb, qürurla və fəxarət hisi ilə ətrafı seyr etdim. Hər kəsin eşidə biləcəyi səslə hayqırdım: Allahım, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizə rəhmət elə! Allahım, qazilərimizə cansağlığı nəsib elə! Allahım, bizə müdrik siyasəti, diplomatik bacarığı, möhtəşəm Sərkərdəlik məharəti ilə qələbə bəxş edən Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevi qoru!

Xocalı əvvəlki yaşayışını bərpa edir

“Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan şəhər və kəndlərimizdən biri də Xocalı şəhəridir. Şəhər səliqə ilə tikilən hündür mərtəbəli binaları, həyət evləri ilə göz oxşayır. Küçələrarası yolların kənarlarında əkilən ağaclar, qızılgül kolları, yeni salınan parklar bu şəhərin gözəlliyinə yeni rəng qatır. Artıq şəhər öz əvvəlki yaşayışını bərpa etməkdədir. 2024-cü 28 May Dövlət Müstəqilliyi günü Xocalıda 20 ailə məskunlaşdırılıb. Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalıda dövlət tərəfindən tikilən ilk yaşayış kompleksinin açılışında iştirak ediblәr vә şəhərə ilk köçən sakinlərlə görüşüblәr. Prezident İlham Əliyev Xocalı sakinlərini öz ata-baba yurdlarına qayıtmaları münasibətilə təbrik edib və qayıdışın Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünә tәsadüf etmәsinin simvolik mәna daşıdığını bildirib: “Azərbaycan xalqı əmin olmalıdır ki, xalqımızın başına bir daha belə faciəvi hadisələr gəlməyəcək”. Məlum cinayət faktıdır ki, Xocalı 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın dövlət olaraq törətdiyi bu faciədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi, 56 nəfəri xüsusi qəd­dar­lıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı soyqırımını Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Mek­si­ka, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edib. Xocalı soyqırımı ABŞ-ın 40-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçi­rilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıblar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda başlatdığı antiterror əməliyyatı nəticəsində Xocalı terrorçulardan təmizlənib və azadlığına qovuşub.

Xankəndi bölgənin mərkəzinə çevrilir

Əsgəran və Xocalıdan sonra yolumuz Xankəndi şəhəri olur. Açığı adını çoxsaylı məqalələrimdə yazdım, fikirlərimi TV verilişlərdə çəkdiyim Xankəndi şəhərinə ilk səfərim idi. İlk görüşümüzdə bu ecazkar şəhər məni özünə valeh etdi. Həqiqətən də xanlara layiq şəhər salınıb. Doğrudan da bu şəhər ulularımızın çox böyük ustalıqla tikib, bizlərə miras qoyduğu Xanın Kəndidir. Şəhər tam şəkildə yaşıl örtüyə bürünüb. Gövdəli yaşıl ağaclar, səliqə ilə salınmış parklar, beş mərtəbələrdən hündür olmayan yaşayış binaları, geniş küçələr və küçələrin kənarlarında əkilən gül kolları insanı heyran qoyur. İnsanlarla söhbət əsnasında məlum oldu ki, yeni layihələrin icrası ilə şəhər indikindən də gözəl və səliqəli olacaq. Artıq bir ilə yaxındır ki, Xankəndidə dövlət binalarında və otellərdə malyar işi ilə məşğul olan Musa Laliyev şirin söhbətimiz bir neçə dəqiqə çəkdi. M.Laliyev bildirdi ki, şəhərə işləməyə Mingəçevirdən gəlib: “Mingəçevirlə Xankəndinin oxşar cəhətlər var. Xankəndi də Minkəçevir kimi iri, hündür ağaclarla zəngindir. Çox vaxtı hər iki şəhərin küçələrinin eyni olduğunu düşünürəm. Çünki hər iki şəhərin küçələri geniş və səliqəlidir”.

M.Laliyev deyir ki, qalıb, daimi olaraq Xankəndidə yaşamaq istəyir: “Ailəm Mingəçevirdədir, özüm isə burada işləyir və yaşayıram. Aylıq maaşım pis deyil. Güdəlik yeməyim və yatmağım təmin olunur və aylıq 1500 manat maaş da alıram. Buna görə dövlətimə, Prezidentimə təşəkkür edirəm”. Söhbətimiz əsnasında M.Laliyev bildirir ki, şəhərdə 60-a yaxın erməni yaşayır: “Onlara dəyib-dolaşan yoxdur. Biz bir millət olaraq böyüklüyümüz və xeyirxahlığımız burdan da görünür. Ermənilər birinci Qarabağ müharibəsi dövründə bizim millətə qarşı vəhşiliklər törətdilər. Bir kənd və qəsəbədə, şəhərdə bir azərbaycanlı qoymadılar, ya öldürdülər, ya da qovdular. Bizim millət, dövlətimiz ermənilərin nümayəndələrinə toxunmur, əksinə onların yaşamasına hər cür şəraitlər yaradır”.

Xankəndidə olarkən öyrəndim ki, şəhərdə əhalinin məşğulluğunun təmin olunması üçün yeni-yeni iş yerləri yaradılır, fabriklər tikilir. Diqqəti isə daha çox dönərxanalar, kafelər, restoranlar çəkir. Bakının müxtəlif yerlərində “Seyidin dönəri” dönərxanasını görən də az da olsa təəccübləndim. Düşündüm ki, yəqin sahibkar bu adla özünə “klyent” toplamağa çalışır. Yaxınlaşıb sual edincə, Elnur adlı dönərçi “ xeyir biz addan istifadə etmirik, həqiqətən də bu dönərxana Azərbaycanın hər yerində rast gəlinən və bir şirkətə aid olan dönərxanadır, “Bakıdakı Seyidin dönəri” ilə Xankəndidəki “Seyidin dönəri”ndə” bişirilən dönər arasında fərq varmı” sualımıza dönərçi Elnur “var” deyə qısa cavab verir. Əlavə edir ki, bu ətrafda yetişən heyvanların ətləri daha dalı olur və bu səbəbdən də Şuşadan, Xocalıdan, Əsgərandan insanlar bura gəlib, dönər sifarişləri edirlər.

Xankəndidə gecələmək üçün otellər çox baha olduğu üçün Şuşaya ziyarət edib, Bakıya qayıtmağa tələsdim. Şuşada bir neçə dəfə olduğum üçün, daha çox yeni tikililərlə maraqlandım. İlk öncə Aşağı Gövhər Ağa məscidinə gedib, namaz qıldım, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı arzuladım, təbii olaraq özüm üçün də duallar etdim. Öyrəndim ki, şəhərdə yolların salınması başa çatdırılıb, işıq, qaz, su infrasturukturu tam şəkildə bərpa olunub, “Çıdır düzünü”, “Şuşa qalasını” və digər tarix yerləri ziyarət etdim. Bakıya qayıdarkən bir sual məni düşündürdü: “Görən Şuşa gözəldir, yoxsa Xankəndi?”. Sual ətrafında çox fikirləşməli olmadın: “Azərbaycanın hər yeri gözəldir”.

İLHAM ƏLİYEV

Digər xəbərlər