"Azərbaycan xalqının taleyində elə önəmli günlər var ki, həmin tarixlərdə gələcəyimizi formalaşdıran mühüm addımlar atılıb. Bu günlər arasında ən əlamətdar və unudulmazlarından biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix sadəcə bir təqvim günü yox, böyük siyasi, tarixi və mənəvi məna daşıyan bir gündür. 15 İyun xalqımız üçün gerçək qurtuluşun və sabitliyin başlanğıcıdır. Bu mühüm dönüş nöqtəsinin başında isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərmiş, daim xalqına güvənmiş Ümummilli Lider Heydər Əliyev dayanır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Ziyafət Əsgərov deyib.O bildirib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan tarixində ən gərgin və çətin dönəmlərdən biri kimi yadda qalıb: "Sovet İttifaqının dağılması ilə yaranan geosiyasi boşluq, dövlət strukturlarının iflic vəziyyətə düşməsi, Ermənistanın ölkəmizə qarşı başlatdığı təcavüzkar müharibə, daxildə isə xaos və siyasi parçalanma – bütün bunlar Azərbaycanı tam bir fəlakətin astanasına gətirib çıxarmışdı. Məhz belə bir tarixi anda, xalqın və zamanın çağırışı ilə siyasi səhnəyə yenidən qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası təkcə Azərbaycanın dövlət müstəqilliyini deyil, bütövlükdə onun gələcəyini xilas etdi.1993-cü il iyunun 9-da Ulu Öndərin Bakıya qayıdışı, əslində, xalqın ona olan inamının və ümidsizliyə qapıldığı bir anda güvənc yeri axtarışının nəticəsi idi. O dövrdə ölkədə gedən siyasi çəkişmələr, hakimiyyət zəifliyi və idarəetmə böhranı vəziyyəti daha da çıxılmaz etmişdi. Ulu Öndər bu mürəkkəb proseslərin fonunda siyasi iradə, qətiyyət və xalqı ətrafında səfərbər etmək bacarığı ilə həm Gəncədə baş qaldırmış qiyamın qarşısını aldı, həm də paytaxtda sabitlik və hüquqi idarəçiliyin bərpası istiqamətində mühüm addımlar atdı.1990-cı illərin əvvəllərində Azərbaycan yalnız hərbi və iqtisadi böhranla deyil, eyni zamanda rəhbərlik böhranı ilə də üzləşmişdi. Siyasi liderlik keyfiyyətləri olmayan, şəxsi maraqları dövlət maraqlarından üstün tutan rəhbərlərin fəaliyyəti xalqı ümidsizliyə sürükləmişdi. Həmin dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi və təcrübəsi, milli maraqları qorumaq bacarığı onu xalqın yeganə ümidinə çevirdi.Cəmiyyətin bütün təbəqələri artıq aydın dərk edirdi ki, yalnız güclü və təcrübəli liderin ətrafında birləşmək ölkəni böhrandan çıxara bilər. Heydər Əliyevin dövlət idarəçiliyindəki prinsipiallığı, təhlükəli kompromislərə getməməsi və vətənpərvər mövqeyi onu qeyri-adi siyasi lider kimi fərqləndirirdi. Onun xalqla birbaşa təması, açıq ünsiyyət qurmaq bacarığı və şəffaf idarəçilik yanaşması cəmiyyətin ona olan inamını daha da möhkəmləndirdi.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Qısa müddətdə o, dövlət aparatını yenidən formalaşdırdı, hüquqi islahatlara başladı, ordu quruculuğuna xüsusi önəm verdi. Həmin tarixi gün sonradan – 1997-ci ildə Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi və hər il dövlət səviyyəsində qeyd olunmağa başladı.Heydər Əliyevin ən böyük tarixi xidməti – müstəqilliyini bərpa etmiş, lakin onu qoruyub saxlamaq üçün siyasi resurslardan məhrum olan bir dövləti tarix səhnəsində sabit, güclü və nüfuzlu aktora çevirməsi olmuşdur. Onun yaratdığı siyasi kurs, Azərbaycanın gələcək inkişafına, iqtisadi modernizasiya və beynəlxalq əlaqələrin güclənməsinə zəmin yaratdı. Neft strategiyası, transmilli layihələrdə iştirak, regional əməkdaşlıqlar və balanslaşdırılmış xarici siyasət bu liderin uzaqgörənliyinin nəticəsidir.Eyni zamanda, dövlət ideologiyasının formalaşmasında, vətəndaş cəmiyyətinin əsaslarının yaradılmasında, milli birlik və həmrəyliyin təmin olunmasında onun rolu danılmazdır. Məhz bu xidmətlərinə görə xalqımız Heydər Əliyevin əziz xatirəsini daim uca tutur və onu Azərbaycan dövlətçiliyinin memarı kimi qəbul edir.Heydər Əliyev 1993-cü ilin oktyabrında xalqın səsi ilə Prezident seçildi. Onun andiçmə nitqində dediyi “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm” sözləri yalnız siyasi ritorika deyildi – bu, ömrünün sonuna qədər əməli fəaliyyətlə təsdiqlədiyi müqəddəs bir vədin bəyanı idi. Onun bütün fəaliyyəti -dövlətə xidmət, xalqa xidmət, tarix qarşısında məsuliyyət prinsiplərinə əsaslanırdı.Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Onun xilaskarlıq missiyası, dövlətçiliyin bərpası və sabitliyin təmin olunması yönündə atdığı strateji addımlar təkcə bir dövrün deyil, bütövlükdə bir millətin taleyini dəyişmişdir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan 1990-cı illərin əvvəllərində ciddi təhdidlər qarşısında idi – həm xarici işğal, həm də daxili siyasi anarxiya dövlətin mövcudluğunu sual altına alırdı. Məhz bu şəraitdə xalq öz ümidini və etibarını Heydər Əliyevin şəxsiyyətində tapdı.1992-ci ilin noyabrında Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası (YAP), faktiki olaraq, Azərbaycanda yeni siyasi sistemin əsasını qoydu. Mövcud antimilli qüvvələrə qarşı xalqın mənafeyini qorumaq, sabit və güclü dövlət yaratmaq ideyası ilə meydana çıxan bu partiya qısa müddətdə cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazandı. Heydər Əliyevin partiyanın sədri seçilməsi YAP-ın ideoloji dayaqlarını gücləndirdi, onu ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi.1993-cü ilin iyununda ölkədə yaranmış ağır ictimai-siyasi böhran, separatizm meyilləri, ordu daxilində nəzarətsizlik və vətəndaş qarşıdurması fonunda Heydər Əliyev xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin hakimiyyətə gəlişi deyil, Azərbaycan dövlətçiliyinin xilas edilməsi, parçalanmanın qarşısının alınması və ölkədə hüquqi dövlətin əsasının qoyulması demək idi.Heydər Əliyev yalnız müstəqilliyi bərpa etməklə kifayətlənmədi, o, müstəqil dövlətin möhkəmlənməsi, beynəlxalq hüquq subyektinə çevrilməsi üçün ardıcıl və sistemli islahatlar həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycanın Konstitusiyası qəbul olundu, ilk demokratik parlament seçkiləri keçirildi, insan hüquqları və azadlıqları dövlət siyasətinin prioritetinə çevrildi. “Müstəqilliyimiz əbədi, dönməz, sarsılmazdır” prinsipi Ulu Öndərin siyasi fəlsəfəsinin mərkəzində dayanırdı. O, Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi əsaslarını quraraq əslində müstəqilliyin qorunmasının ideoloji təməlini formalaşdırdı.1993-cü il iyunun 15-i Azərbaycanın müstəqil dövlət kimi sağ qalmasının və gələcəyə doğru inamla irəliləməsinin başlanğıcı oldu. Milli Qurtuluş Günü olaraq tarixə düşən bu gün, ölkənin böhran şəraitindən çıxış strategiyasının uğurla tətbiq edildiyi tarixi mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai asayiş bərpa olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Bu dövr həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmasının, diplomatik əlaqələrinin genişlənməsinin və iqtisadi inkişafın başlanğıcı oldu.1993–2003-cü illər arasında Heydər Əliyev tərəfindən həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar Azərbaycanı regional lider dövlətə çevirdi. “Əsrin müqaviləsi” kimi tanınan neft müqavilələri ölkəyə milyardlarla sərmayənin cəlb olunmasına, iqtisadi dirçəlişin təmin olunmasına şərait yaratdı. Siyasi sabitlik isə bu inkişafın davamlılığını təmin edən əsas faktor idi. Onun diplomatik uzaqgörənliyi və daxili sabitliyə verdiyi önəm Azərbaycanın bugünkü uğurlarının əsasını təşkil edir.Heydər Əliyevin milli ordunun formalaşdırılması və gücləndirilməsi istiqamətindəki fəaliyyəti, bu gün Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələnən uğurlu hərbi-siyasi proseslərin ilkin mərhələsi idi. Məhz Ulu Öndərin müəyyən etdiyi strateji xətt nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer almaqdadır.Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də sonrakı dövrlərdə Azərbaycanın inkişaf yolunda büdrəmədən, dönmədən, əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, davamçı, qətiyyətli lider yetişdirməsi olmuşdur.Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davamıdır. Dövlətçilik fəlsəfəsi, sabitlik strategiyası, milli maraqlara söykənən diplomatik kurs və müasir inkişaf modeli Heydər Əliyevin ideoloji mirasının təzahürüdür. Bu irs həm keçmişə hörmət, həm də gələcəyə olan məsuliyyətin göstəricisidir.Azərbaycan Respublikasının müasir tarixi həm ideoloji, həm də strateji baxımdan Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun müəyyənləşdirdiyi siyasi kurs, həyata keçirdiyi idarəçilik modeli, gələcəyə yönəlmiş strateji baxışı bu gün müstəqil Azərbaycanın güclü və nüfuzlu dövlətə çevrilməsinin əsasını təşkil edir. Heydər Əliyev ideologiyası təkcə bir dövrə və bir şəxsə bağlı siyasi xətt deyil, bütöv bir xalqın dövlətçilik fəlsəfəsinə, milli maraqların müdafiəsinə əsaslanan ideoloji platformadır. Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə tarixinin ən şanlı və möhtəşəm nailiyyətlərinə imza atmışdır.Heydər Əliyevin siyasi irsində milli birliyin və ərazi bütövlüyünün təmin olunması əsas prioritetlərdən biri olmuşdur. Onun 1990-cı illərdə məcburi köçkünlərlə görüşlərində səsləndirdiyi fikirlər, Qarabağın və digər işğal olunmuş ərazilərin azad olunması ilə bağlı ifadə etdiyi qətiyyətli mövqe gələcəyə yönəlmiş siyasi yol xəritəsi idi. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya…” – bu tarixi çağırış təkcə bir liderin arzusu deyil, bütöv bir xalqın milli-mənəvi haqqının bərpasına yönəlmiş strateji və ideoloji hədəf idi. 27 il sonra bu arzu reallığa çevrildi. Bu gün üçrəngli Azərbaycan bayrağı Şuşada, Laçında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda və nəhayət Xankəndidə əzəmətlə dalğalanır.2020-ci ilin payızında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin və milli ideologiyasının parlaq nəticəsi kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim” fikri bu Qələbənin həm ideoloji, həm də emosional yükünü ifadə edir. Bu müharibə sadəcə torpaq azadlığı deyil, həm də milli qürurun, xalq-dövlət birliyinin və siyasi iradənin təntənəsi idi. Azərbaycan bir daha sübut etdi ki, Ulu Öndərin qurduğu dövlət sistemi, formalaşdırdığı ordu və müəyyənləşdirdiyi siyasi strategiya müharibədən qalib çıxmaq üçün kifayət qədər güclü və sarsılmaz təməllərə malikdir.Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yalnız davam etdirməklə kifayətlənməmiş, onu dövrün tələblərinə uyğun şəkildə zənginləşdirərək Azərbaycanı regional və qlobal miqyasda nüfuzlu aktora çevirmişdir. Azərbaycanın daxili sabitliyi, iqtisadi inkişafı, ordu quruculuğu sahəsində əldə olunan uğurlar, beynəlxalq təşkilatlarla əlaqələrin genişlənməsi, enerji və nəqliyyat layihələrində strateji rol oynayan tərəfdaş kimi çıxış etməsi – bütün bunlar Prezident İlham Əliyevin apardığı siyasətin nəticələridir. Müstəqil siyasi xətti, milli maraqlara əsaslanan mövqeyi ilə Prezident İlham Əliyev Azərbaycanı XXI əsrin tələblərinə cavab verən müasir dövlətə çevirmişdir.Bugünkü reallıqlar sübut edir ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təməl daşlarından biridir. “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” – Prezident İlham Əliyevin bu fikri həmin günün strateji əhəmiyyətini dəqiq ifadə edir. Məhz bu dönüş nöqtəsindən sonra ölkə siyasi xaosdan, sosial kataklizmlərdən və iqtisadi böhrandan çıxaraq sabitlik, inkişaf və quruculuq mərhələsinə qədəm qoydu.Bu gün isə həmin Qurtuluşun müasir sədaları işğaldan azad edilmiş ərazilərdə yüksələn tikinti kranlarının səsi, çəkilən yollar, qurulan elektrik xətləri və məktəblərin, xəstəxanaların, aeroportların təməl daşlarında əks olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış prosesi uğurla icra olunur və bu, təkcə köçkünlərin evlərinə qayıdışı deyil, həm də xalqın tarixi yaddaşına, milli kimliyinə dönüşü deməkdir"."Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və siyasi kursu Azərbaycan xalqının milli dirçəlişini təmin etmişdir. Onun müəyyənləşdirdiyi ideoloji və siyasi xətt, Prezident İlham Əliyevin liderliyi ilə daha da gücləndirilərək xalqı Qurtuluşa, Zəfərə və Qələbəyə aparmışdır. Bu gün Azərbaycan nəinki regionda, hətta beynəlxalq arenada öz prinsipial mövqeyi ilə seçilən, suverenliyinə və milli maraqlarına əsaslanan siyasət yürüdən qüdrətli dövlət kimi tanınır. Bu isə bir daha təsdiq edir ki, Ulu Öndərin arzuları müasir reallıqların bünövrəsini təşkil edən dövlət ideologiyasına çevrilmişdir.Azərbaycan bu gün öz müstəqil yolunu Heydər Əliyev siyasi irsindən aldığı güclə, inamla davam etdirir. Bütöv, qüdrətli və qalib Azərbaycanın reallığı, Ulu Öndərin ideallarının təntənəsidir.Heydər Əliyevin xilaskarlıq missiyası, siyasi irsi və dövlətçilik məktəbi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Onun müdrik rəhbərliyi altında müstəqilliyini qoruyub saxlayan, sabitlik və inkişaf yolu ilə irəliləyən Azərbaycan bu gün regionun aparıcı gücünə çevrilmişdir. Ulu Öndərin siyasi irsi və əbədi xidmətləri gələcək nəsillər üçün dövlətə sədaqətin, liderliyə inamın və millətə xidmətin parlaq nümunəsi olaraq qalacaq.Heydər Əliyevin xilaskarlıq missiyası əbədiyaşardır, çünki o, xalqın ruhunda, dövlətin təməlində və gələcəyin inşasında təcəssüm edir" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə