PDF Oxu

Siyasət

  • 1 148

Milli Qurtuluş Günü: müasir dövlətçilik tariximizin dönüş nöqtəsi

image

1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan ciddi daxili və xarici təhdidlər qarşısında qalaraq siyasi böhran, iqtisadi iflas, sosial gərginlik və hərbi təcavüzlərlə üz-üzə idi. Mərkəzi hakimiyyətin zəifliyi, bölgələrdə separatçılıq meyillərinin artması, Ermənistanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində baş verən qanlı döyüşlər və ölkədəki qeyri-sabitlik vətəndaş qarşıdurmasına yol açırdı. Məhz belə bir mürəkkəb və taleyüklü mərhələdə xalqın təkidli tələbi ilə siyasi arenaya qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi missiyanı öz üzərinə götürdü.

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə ölkədə milli həmrəylik, siyasi sabitlik və dövlətçilik ənənələrinin bərpası prosesinə start verildi. Həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur. Ulu Öndərin siyasi iradəsi, təcrübəsi və qətiyyətli addımları nəticəsində ölkədəki vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçilik ideyası ətrafında xalq-iqtidar birliyi formalaşdırıldı və müstəqilliyin real məzmunda möhkəmləndirilməsinə doğru böyük addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin gərgin səyləri sayəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Bu mühüm siyasi qərar cəbhədə insan tələfatını dayandırmaqla yanaşı, ölkənin gələcək iqtisadi və siyasi sabitliyinin təmin olunması üçün zəruri şərait yaratdı. Sabitlik isə quruculuq işlərinin əsasını təşkil edərək strateji islahatların həyata keçirilməsinə imkan verdi.
1994-cü il sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft kontraktı müasir Azərbaycanın enerji strategiyasının başlanğıcı və iqtisadi müstəqilliyinin əsasını təşkil edən mühüm sənəd oldu. Bu müqavilə dövlətimizin Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə tərəfdaşlığa daxil olması baxımından strateji əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə həyata keçirilmiş bu nəhəng layihə ölkənin gələcək taleyini müəyyən edən dönüş nöqtəsinə çevrildi. “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan ilk dəfə olaraq beynəlxalq enerji bazarına inteqrasiya olundu və öz təbii sərvətlərindən səmərəli istifadə edərək güclü iqtisadi bünövrə formalaşdırmağa başladı. Transmilli şirkətlərlə qurulan əməkdaşlıq sayəsində ölkəyə milyardlarla dollar məbləğində xarici sərmayə cəlb olundu, bu isə həm enerji sektorunun, həm də qeyri-neft sahələrinin canlanmasına təkan verdi. Eyni zamanda, müqavilənin reallaşdırılması üçün Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin inşası zərurəti yarandı və nəticə etibarilə Azərbaycan neftinin dünya bazarlarına təhlükəsiz və stabil çıxışı təmin olundu. Bu kəmər ölkəmizin nəinki enerji ixracatçısı, eyni zamanda enerji təhlükəsizliyinin təminatçısı olan mühüm regional aktora çevrilməsində həlledici rol oynadı.
“Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan maliyyə vəsaitləri Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradılmasına səbəb oldu. Bu Fond vasitəsilə neft gəlirlərinin şəffaf və davamlı şəkildə idarə olunması təmin olundu, dövlətin sosial siyasətinin reallaşdırılmasına geniş imkanlar açıldı. Əldə edilən resurslar iqtisadiyyatın diversifikasiyası, infrastrukturun yenilənməsi, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə mühüm layihələrin icrasına yönəldildi. Beləliklə, “Əsrin müqaviləsi” yalnız neft hasilatı və ixracını deyil, həm də Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsi, milli iqtisadiyyatın dirçəldilməsi, sosial rifahın artırılması və beynəlxalq arenada mövqelərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb etdi. Bu müqavilə ilə əsası qoyulan enerji siyasəti bu gün də uğurla davam etdirilir və müstəqil Azərbaycanın dünya enerji xəritəsində mühüm rol oynamasına xidmət edir.
Heydər Əliyev üçün milli ordu quruculuğu strateji əhəmiyyət kəsb edirdi. Onun təşəbbüsü ilə orduda vahid komandanlıq sistemi yaradıldı, hərbi hissələr nizama salındı, silahlı qüvvələrin maddi-texniki bazası gücləndirildi. Ordunun müasir tələblərə uyğun formalaşması, müdafiə sənayesinin yaradılması və peşəkar kadr hazırlığına xüsusi önəm verildi. Milli Ordunun gücləndirilməsi gələcək zəfərlərin əsasını təşkil etdi.
1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Bu mühüm sənəd ölkənin siyasi, hüquqi və ictimai həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Konstitusiyanın qəbulu ilə Azərbaycan müstəqil dövlət quruculuğu yolunda mühüm bir mərhələni başa vurdu və hüquqi dövlət, demokratik cəmiyyət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində fundamental baza formalaşdı. Yeni Konstitusiya Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü, demokratik quruluşunu və dünyəvi dövlət modelini hüquqi cəhətdən təsbit etdi. Sənəddə insan hüquq və azadlıqlarının ali dəyər kimi tanınması, dövlət hakimiyyətinin xalqdan qaynaqlandığı və hakimiyyət bölgüsü prinsipinə əsaslandığı birmənalı şəkildə əks olundu. Bu, eyni zamanda Azərbaycanda demokratik idarəçilik ənənələrinin formalaşmasına, vətəndaş cəmiyyətinin inkişafına və hüquqi islahatların həyata keçirilməsinə təkan verdi.
Konstitusiyanın qəbulundan sonra həyata keçirilən qanunvericilik təşəbbüsləri, məhkəmə-hüquq islahatları, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mühüm addımlar atıldı. Hüquqi sabitliyin yaradılması, dövlət orqanlarının və idarəetmə strukturlarının təşkili və səmərəli fəaliyyəti məhz bu konstitusiya çərçivəsində baş tutdu. Konstitusiya eyni zamanda iqtisadi islahatların hüquqi bazasını təmin edərək, sahibkarlığın təşviqi, özəlləşdirmə prosesi və bazar iqtisadiyyatına keçid sahəsində də mühüm rol oynadı. Ümumilikdə, 1995-ci il Konstitusiyası müasir hüquqi dövlətin əsasını qoyaraq ölkədə siyasi sabitlik və sosial-iqtisadi inkişaf üçün etibarlı zəmin yaratdı. Bu sənəd, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla hüquqi əməkdaşlığını və insan hüquqları sahəsində öhdəliklərini təmin edən əsas norma aktı kimi bu gün də öz aktuallığını qoruyur.
Ulu Öndərin gərgin səyləri ilə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyətli layihələr həyata keçirildi. Bu layihələr Azərbaycanın regional və beynəlxalq miqyasda enerji mərkəzinə çevrilməsini təmin etdi. Eyni zamanda, nəqliyyat sahəsində reallaşdırılan TRACECA, Böyük İpək Yolu və digər təşəbbüslər ölkənin geostrateji əhəmiyyətini artırdı.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan sosial siyasət ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlmişdi. Əməkhaqlarının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və aztəminatlı ailələrə dövlət dəstəyi mexanizmlərinin yaradılması bu istiqamətdə atılan mühüm addımlar sırasında idi. Həmçinin, əlillər, qaçqınlar və məcburi köçkünlər üçün sosial proqramların reallaşdırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi. Sosial sabitlik ümumi inkişafın şərtlərindən amillərdən biri kimi ölkədə dayanıqlı və inklüziv cəmiyyətin formalaşmasında mühüm rol oynadı.
Heydər Əliyevin strateji baxışına görə, elm və təhsil cəmiyyətin tərəqqisinin əsas dayaqlarındandır. Müstəqillik illərində təhsil sahəsində bir sıra fundamental qanunvericilik aktları qəbul edildi, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Eyni zamanda, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və ixtisasartırma mexanizmlərinin tətbiqi ilə bu sahədə keyfiyyət yüksəldi. Xaricdə təhsil imkanlarının genişləndirilməsi, dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq və gənc mütəxəssislərin hazırlanması milli intellektual potensialın artırılmasına şərait yaratdı. Bu yanaşma müstəqil dövlətin bilikli, düşünən və vətənpərvər vətəndaşlarının formalaşmasına zəmin oldu.
Səhiyyə sisteminin müasirləşdirilməsi də prioritet istiqamətlərdən biri idi. Respublikanın müxtəlif bölgələrində xəstəxana və poliklinikalar əsaslı şəkildə yenidən quruldu, yeni tibbi avadanlıqlar alındı, regionlarda tibbi xidmətlərin əlçatanlığı artırıldı. Eyni zamanda, səhiyyə sistemində struktur islahatları aparıldı, əhalinin pulsuz tibbi xidmətlərə çıxışını təmin edən proqramlar tətbiq olundu. İxtisaslı tibb kadrlarının hazırlanmasına və səhiyyə təhsili sisteminin yenilənməsinə xüsusi diqqət yetirildi. Bütün bunlar insanların sağlam həyat tərzinin təmin olunmasına və ictimai rifahın yüksəlməsinə xidmət etdi.
Ulu Öndərin təşəbbüsü ilə müstəqil dövlətin gələcəyinin təminatçısı olan gənclərlə bağlı ardıcıl və sistemli dövlət siyasəti formalaşdı. Gənclərin milli ruhda tərbiyəsi, onların intellektual və fiziki inkişafı, dövlət idarəçiliyində fəal iştirakı üçün geniş imkanlar yaradıldı. Müxtəlif dövlət proqramlarının reallaşdırılması, gənclər təşkilatlarının inkişafı bu siyasətin əsas sütunları kimi ön plana çıxdı. Həmçinin, könüllülük hərəkatının genişlənməsi və innovasiya təşəbbüslərinin dəstəklənməsi gənc nəslin yaradıcı potensialını reallaşdırmaq üçün mühit formalaşdırdı.
Dahi Lider Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti Azərbaycanın beynəlxalq arenada tanınmasında mühüm rol oynadı. İdman infrastrukturu regionlarda da genişləndirildi, yeni olimpiya idman kompleksləri tikildi və gənc idmançılara dəstək göstərildi. Azərbaycanın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar ölkəmizin idman potensialını nümayiş etdirdi. Bakıda keçirilən mötəbər idman tədbirləri Azərbaycanın qlobal idman mərkəzlərindən birinə çevrildiyini təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin dövründə formalaşan inkişaf mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tələblərə uyğun şəkildə ardıcıl və qətiyyətlə davam etdirilir. Xalq-iqtidar birliyi, milli maraqlara əsaslanan siyasət və güclü ordu sayəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Bu uğurlar Milli Qurtuluşun strateji davamı və Heydər Əliyev yolunun qələbəsidir.
15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində yalnız siyasi sabitliyin təmin edildiyi bir mərhələ deyil, həm də dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və strateji inkişaf xəttinin formalaşdığı dönüş nöqtəsidir. Bu əlamətdar tarix xalqın xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevə olan etimadının təntənəsi olmaqla yanaşı, Onun müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ilə Azərbaycanın hərtərəfli inkişaf yolunda möhkəm irəliləyiş əldə etməsini təmin edib.

Bəxtiyar Mustafayev
YAP Mingəçevir şəhər təşkilatının sədri

Digər xəbərlər