Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. 1993-2003-cü illər ölkəmiz üçün milli dövlətçiliyimizin qurulmasında təməl prinsipləri özündə əks etdirən bütün zəruri addımları atan Ulu Öndər bugünki çiçəklənən Azərbaycan adlı özünün şah əsərini bizlərə əmanət etdi. Müstəqillik və dövləti maraqlar Ulu Öndər siyasətinin əsasını təşkil etmişdir. Bu gün də hər birimiz üçün Heydər Əliyev siyasi məktəbi milli dövlətçiliyimizin əsasını təşkil etməklə yanaşı, həm də bu irsin qorunub gələcək nəsillərə ötürülməsi baxımından üzərimizə böyük məsuliyyət qoyur. Ulu Öndərin siyasi irsi milli məfkurəçiliyimizin əsası olmaqla bərabər, həm də dövlət maraqlarımızın təminatı baxımından misilsiz ibrət məktəbidir. Məhz Ulu Öndərin müdrik və uzagörən siyasəti nəticəsində Azərbaycanın enerji və nəqliyyat sisteminin şaxələndirilməsi strategiyası zərgər dəqiqliyi ilə hesablanmış, gələcəyə yönəlik strateji addımların nəticəsini bu gün müfəssəl şəkildə görə bilirik. Artıq ölkəmiz regionda deyil, həm də Avrasiya bölgəsində ciddi qəbul edilən bir çox qlobal xarakterli nəqliyyat xəttinin keçdiyi və dünya ticarət yollarının ən sərfəli qovuşağına çevrilmişik. Bu meqa layihələrdə iştirak etmək üçün maraqlı olan ölkələrin sayı durmadan artmaqdadır. Bu gün ölkəmizin gələcəyi elə bir inkişaf səviyyəsində olmalıdır ki, bizim müstəqilliyimiz möhkəmlənsin, dövlətimizin qüdrəti artsın və xalqımız təhlükəsiz və firəvan şəkildə yaşasın.
Bu illər ərzində bütün səylərimizi birləşdirərək ərazi bütövlüyümüzün bərpası istiqamətində yorulmaz fəaliyyət nəticəsində möhkəm hüquqi bazanı formalaşdıra bildik. Mənəvi olaraq Haqq və ədalət tərəfimizdə olsa da, dünyada güc amilinin nə qədər önəmli və əsas şərt olduğunu əyani surətdə görə bildik. Məhz Ulu Öndər siyasətinin məntiqi nəticəsi kimi, tarixi ədaləti bərpa etdik. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ətrafında birləşərək Xalq-Ordu birliyinin sayəsində əzəli torpaqlarımızda suverenliyimiz bərqərar edildi.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Bu gün Azərbaycan gəncliyi tarixin sınağından şərəflə çıxaraq 30 illik erməni işğalında olan Qarabağımızı azad etməklə həm də, tarixi bir imtahandan məğrur və zəfərlə, üzüağ çıxaraq, üzərinə düşən işi möhtəşəm qələbə ilə şanlı bayrağımı zirvələrə daşıdı. Ulu öndər Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmiş oldu.
Xaləddin TAĞIYEV
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini