11 iyun 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 15 iyun Milli Qurtuluş günü münasibətilə “Veteranlarımız” layihəsi çərçivəsində “Böyük xilkaskar” mövzusunda partiya veteranları ilə gənclərin görüşü təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev bildirmişdir ki, yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsındə mümkün olur. Belə şəxsiyyətlər təkrarsız və bənzərsiz şəxsiyyətlərdir. Hətta demək olar ki, bu şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır, yaradır, xalqına, dövlətinə, ümumilikdə isə bəşəriyyətə əvəzsiz töhfələr verirlər. Birmənalı şəkildə demək olar ki, dövlətimizin və xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Elə bir dövlət ki, müstəqilliyi, özünəxas çalarları ilə və daim inkişaf edərək dünyada layiqli yer tutsun.
Seyfəddin Əliyev qeyd etdi ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən Ulu Öndərin həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyevin siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan daim yaşayacaqdır".
Partiya veteranı, Masallı Rayon Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev çıxış edərək bildirdi ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
Tədbirdə Əyyub Mehtiyev, Hikmət Xəlilov, Göyçək Ələsgərova və başqaları çıxışlarında qeyd etdilər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.
Sonda partiya həyatında fəallıq göstərənlərə partiyanın fəxri fərmanı və hədiyyələri təqdim edilmişdir.