11 iyun 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycanı xilas edən dahi Heydər Əliyev” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək böyük tarixi əhəmiyyət daşıyan 15 İyun- Milli Qurtuluş Günü haqqında məlumat verib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün təhlükələrin sovuşduğunu, respublikamızın böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.
G.Bayramov dahi rəhbər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, ölkəmizdə qazanılan bütün nailiyyətlərin onun siyasətinin bəhrəsi olduğunu vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.
Tədbirdə, həmçinin Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayonu üzrə sədri Mirzəmməd Orucov və Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər. Məruzəçilər Milli Qurtuluş Gününün tariximizin şərəfli səhifəsi olduğunu vurğulayıblar.
Tədbirin sonunda YAP Samux rayon təşkilatı tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirakına və rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyətlərinə görə bir qrup partiya fəalı YAP Samux rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.