PDF Oxu

Siyasət

  • 413

YAP Binəqədi rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərlə tədbir keçirib

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar gənclərlə tədbir keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək vurğulayıb ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Şakir Allahverdiyev çıxış edərək qeyd edib ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması xalqımızın həyatında yeni və xoş başlanğıcların müjdəsidir. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür. Xalqımızın milli iradəsi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, vətəndaşlarımızın bu inkişaf siyasətinə dəstəyi sayəsində Azərbaycan daha böyük hədəflərə çatacaq, tərəqqinin yeni mərhələlərinə yüksələcəkdir.

Daha sonra tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dahi liderin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. 2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illik, həmçinin Vətən müharibəsində qazanılmış Zəfərin 5 illik yubileyinin qeyd edilməsi ərəfəsində 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Sərəncamda da qeyd olunduğu kimi, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir.

Tədbirdə gənclərin sualları cavablandırılıb, diskussiya formatıında davam etdirilib.

Digər xəbərlər