PDF Oxu

Siyasət

  • 2 245

Xilaskarlıq missiyası və müasir Azərbaycanın təməli

image

Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş nöqtəsi kimi yadda qalmışdır. Bu gün yalnız təqvimdə bir tarix deyil, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna çıxmasının başlanğıc nöqtəsidir. Məhz bu gündə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin dağılmaq təhlükəsindən xilas olmasına imkan yaratdı.

1993-cü ilin siyasi mənzərəsi olduqca ağır idi. Daxildə anarxiya və silahlı qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü, siyasi rəhbərliyin qeyri-müəyyənliyi və şəxsi ambisiyaları ölkəni vətəndaş müharibəsi astanasına gətirmişdi. Dövlət müstəqilliyi reallıqdan daha çox formal bir anlayış kimi qalmışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı yeganə çıxış yolunu – özünün sınanmış liderinə, dahi şəxsiyyət Heydər Əliyevə üz tutmaqda gördü.
Ulu Öndərin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə siyasi sabitliyin bərpası üçün ciddi addımlar atılmağa başlandı. Xalqla bir olan liderin möhkəm iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində vətəndaş qarşıdurmasının qarşısı alındı, ölkədə sabitliyin əsası qoyuldu. Bu səbəbdən də 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı 1993–2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Bu illərdə iqtisadiyyatın dirçəlməsi, siyasi institutların formalaşdırılması, hüquqi dövlət quruculuğu proseslərinin başlanması ölkəmizin gələcəyinin əsasını qoydu. Xüsusilə 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına geniş imkanlar yaratdı. Bu sənəd ölkəmizə xarici investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin açılmasına, enerji resurslarımızın dünya bazarlarına çıxarılmasına səbəb oldu.
Dahi rəhbərin siyasi xəttində neft gəlirlərinin xalqın rifahına yönəldilməsi, gələcək nəsillərin maraqlarının qorunması əsas yer tuturdu. Məhz bu baxış bucağından Dövlət Neft Fondunun yaradılması da uzaqgörən addım kimi tarixə düşdü.İqtisadi sabitlik sosial sahələrə də öz təsirini göstərdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyənin inkişafı, infrastruktur layihələrinin icrası Azərbaycanın modern dövlətə çevrilməsinə zəmin yaratdı. Bütün bunların mərkəzində isə bir prinsip dayanırdı: xalqın rifahı və dövlətin gücü.
Bu gün də Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Ölkəmizin iqtisadiyyatı Cənubi Qafqazın 80 faizini təşkil edir. İşsizlik və yoxsulluq minimum səviyyəyə enib, sosial proqramlar genişlənib, beynəlxalq enerji layihələrinin təşəbbüskarı olan Azərbaycan enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Bütün bunlar göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik strategiyası möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından uğurla çıxmışdır. Onun həyat fəlsəfəsi olan «Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» fikri bu gün hər bir azərbaycanlının qəlbində yaşayır.
Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi gələcək nəsillər üçün həm örnək, həm də öyrənilməsi vacib bir xəzinədir. Bu irsin dərindən mənimsənilməsi və davam etdirilməsi Azərbaycanın daha parlaq gələcəyinin təminatıdır.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın tarixində yalnız bir dönüş nöqtəsi deyil, eyni zamanda xalqla liderin sarsılmaz birliyinin, vətənə, dövlətə olan sonsuz sevginin və xilaskarlıq missiyasının təcəssümüdür.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər