PDF Oxu

Siyasət

  • 1 750

Fransanın məqsədi Ermənistanın NATO üzvü və Qafqazda onun “nəzarətçisi” olmasıdır - MÜSAHİBƏ

image

Dmitri Solonnikov: “Ermənistan Qərb “tərəfdaşlarını” getdikcə daha çox Zaqafqaziyaya buraxmaqla Cənubi Qafqazı təhlükəsizlik və parçalanma riski qarşısında qoyur”

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov "Moskva-Baku" portalına şərhində Ermənistan və Fransa arasında yaxınlaşmanın yeni yüksəlişi və bunun Cənubi Qafqazı nə ilə təhdid etdiyi barədə fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

-Dmitri Vladimiroviç, Fransa Ermənistanda, üstəlik Ermənistan-Azərbaycan sərhədində Sünik bölgəsində mövqelərini gücləndirməkdə davam edir. Bir neçə gün əvvəl isə orada Fransanın fəxri konsulunun ofisini açıb. Bunu necə şərh edə bilərsiniz?

-Adətən məlum olduğu kimi, səfirlik və konsulluq idarələri başqa dövlətin ərazisində mənsub olduqları ölkənin vətəndaşlarının mənafeyinə xidmət etmək məqsədi daşıyır. Ermənistanın Sünik rayonunda heç vaxt Fransanın heç bir nümayəndəsi olmayıb ki, bu sərhəd rayonunda bütöv bir konsulluq idarəsi açılsın. Nəticə - bu, o deməkdir ki, konsulluq Fransa vətəndaşlarının Ermənistandakı bəzi məsələlərini həll etmək üçün deyil, geosiyasi məqsədlər üçün- Ermənistan vasitəsilə Cənubi Qafqazda Fransanın nüfuzunu gücləndirməkdə davam etmək, burada möhkəmlənmək, öz maraq dairəsini burada müəyyən etmək üçün açılıb.

Sünik bölgəsi Ermənistan və Qərb üçün son dərəcə əhəmiyyətlidir, həqiqətən də müxtəlif qüvvələr üçün bir növ strateji nöqtədir. Gördük ki, İran 2022-ci ildə burada öz baş konsulluğunu açıb, Rusiya da açmaq niyyətindədir, baxmayaraq ki, Ermənistan bu məsələdə açıq-aşkar Moskvanın çarxına çomaq soxur. Yəni Sünik bölgəsi bu gün Zaqafqaziyada müxtəlif geosiyasi qüvvələrin mübarizəsinin əksidir. Bu nümunə bunu açıq şəkildə göstərir.

Burada Ermənistanın, Qərbin, xüsusən Fransanın istədiyi Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq, Rusiya FSB sərhədçilərinin ona nəzarət etməsinə imkan verməməkdir. Qərb dünyada, o cümlədən Cənubi Qafqazda mövcud olan bütün nəqliyyat əlaqələrinə nəzarət etmək istəyir, onun mövqeyi ondan ibarətdir ki, dünyada heç nə Qərbin nəzarəti olmadan, onun iştirakı olmadan həll oluna bilməz.

Qərb Zaqafqaziyada sülh yolu ilə nizamlanmanı qarşısına məqsəd qoymur, onlar sadəcə olaraq bu prosesin moderatoru olmaq, daha yaxşısı onu sonsuza qədər asmaq istəyirlər. Onlar barmağını regionun nəbzində saxlamaq, ona nəzarət etmək, regional dövlətlər üçün qərarlar vermək istəyirlər.

Əbəs yerə deyil ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında qeyd olunan Zəngəzur dəhlizi sonda İrəvan tərəfindən öz alternativi ilə əvəz edilir, Ermənistanın Avropa ilə nəqliyyat dəhlizi ideyasını irəli sürən “Dünyanın kəsişməsi” layihəsi ilə.

Bütün bunların səbəbi var və bu “Dünyanın kəsişməsi” Paşinyanın ideyası deyil. Təbii ki, Qərb strateji layihələrin icrası və nəzarəti baxımından Cənubi Qafqaz, Xəzər regionu ilə çox maraqlanır. Bu başqa bir növ "kolonizasiya" sistemidir.

Və belə olan halda, təbii ki, Ermənistan Qərb “tərəfdaşlarını” getdikcə daha çox Zaqafqaziyaya buraxmaqla Cənubi Qafqazı təhlükəsizlik və parçalanma riski qarşısında qoyur. Amma mən dəfələrlə demişəm ki, Paşinyanı regiona Qərb qüvvələri salıb. O, regionda Qərb strategiyasını həyata keçirmək üçün hakimiyyətə gətirildi. O, bu strategiyanın həyata keçirilməsi mexanizmidir. Onun hərəkətləri Qərbə tabe olmaqdan başqa bir şey ola bilməz, çünki o, bu layihənin həyata keçirilməsi üçün alət seçilib.

- Fransa Cənubi Qafqazda geosiyasi məqsədlərini həyata keçirməkdə nə qədər irəli gedəcək?

- Paşinyan ona görə qoyulub ki, Ermənistan nəhayət NATO-ya üzv olsun, Avropa Birliyinə müraciət etsin və onun Aİ-yə daxil olması prosesinə başlasın. Belə ki, Ermənistan nəhayət, Zaqafqaziyada “nəzarətçi”yə çevrilsin. Aİ missiyası artıq Ermənistan ərazisində, sözün əsl mənasında bütün Ermənistanda yerləşdirilib. Bunlar əslində demək olar ki, eyni NATO bazalarıdır. Təbii ki, heç kim missiyanı Ermənistandan uzaqlaşdırmayacaq. Həmçinin Ermənistan gələcəkdə KTMT-dən çıxacaq. Və tamamilə Qərb yönümlü ölkə olacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər