Azərbaycan BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib
Azərbaycanda turizmin müxtəlif növləri - mədəni, sağlamlıq, idman, çimərlik, ekoloji və s. mövcuddur. Bütün bunların olması xarici turistlərin ölkəmizə cəlb olunmasında əsas amillərdir. Bu sərvətlərdən doğru və düzgün istifadə turist ölkəsi olaraq Azərbaycanın dünyada tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib. Bütün sahələrdə həyata keçirilən layihələr Azərbaycanın hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır.
Bu günlərdə Azərbaycanın BMT Turizmin İcraiyyə Şurasına üzv seçilməsi də təsadüfi deyil. Belə ki, BMT Turizmin Avropa Regional Komissiyasının iyunun 5-6-da Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniya, Fransa, Xorvatiya və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub. Qeyd edək ki, Azərbaycan 2013-2017-ci, 2017-2021-ci və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib. Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafına daim diqqət göstərməsinin nəticəsidir ki, Azərbaycan Avropa ilə turizm sahəsində də körpü rolunu oynayan mərkəzə çevrilib.2024-cü il ərzində ölkəmizə gələn xarici ziyarətçilərin sayının 2023-cü illə müqayisədə 26 faiz artması və turist xərcləmələrinin isə 5.1 milyard dollara çatması ölkəmizə olan marağın göstəricisidir.
TURİZM SAHƏSİ DÖVLƏT SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİNDƏN BİRİNƏ ÇEVRİLDİ
Təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə diqqətdə olan Azərbaycanda turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr böyük uğurlara səbəb olub. Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olunmuşdur. Belə ki, həmin illərdə müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində bir sıra problemlərin yaranması ilə nəticələndi. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
TURİZMİN İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNƏ TƏKAN
Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikildi, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlu nəticələr əldə edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi. Bütün görülən işlərlə yanaşı olaraq, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya və Avstriya turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün info-turlar təşkil edildi. Azərbaycanda ilk dəfə olaraq Turizm Filmləri Festivalı keçirildi. Turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər görüldü.
Respublikamızın turizm potensialını əks etdirən reklamlar xarici ölkələrdə nəşr edilən turizm xarakterli jurnallarda yerləşdirilməyə başlanıldı. Belə ki, "ABTA", "Travel İQ", "Faints and Projects", "TTG Russia", "Travel Unravelled", "Qde otdıxat", "Otdıx v Rossii", "World Travel Guide" və başqa mətbuatlarda Azərbaycan turizm potensialına diqqət ayrıldı. Hər il ardıcıl olaraq "AİTF" Beynəlxalq Turizm Sərgisi paytaxtımzda keçirildi. Bu sərgidə iştirak edən xarici ölkələrin turizm şirkətlərinin sayı ildən-ilə artmağa başladı.
"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərmiş oldu. Müasir dövrümüzdə ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi təmin edilir. Turizm fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğu, turizm ehtiyatları, ölkənin zəngin coğrafi landşafta malik olması, xalqımızın qədim mədəni-tarixi irsi, eləcə də onun fauna və florası bu sahənin sürətli inkişafına yol açan əsas amillərdir.
2026-CI İLDƏ TURİZM XƏRCLƏMƏLƏRİ 11,2 MİLYARD MANATA ÇATACAQ
Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlər tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını davam etməkdədir. Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.
Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır.
Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Ölkəmizdə mövcud olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. Əlbəttə ki, bu gün abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir.
DÜNYANIN TANINMIŞ OTEL ŞİRKƏTLƏRİ AZƏRBAYCANDA
Əlbəttə ki, Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi dünyanın ən məşhur firma və şirkətlərinin, brendlərinin ölkəmizə diqqətinin artmasına səbəb olub. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasında əhəmiyyətli rol oynayır. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən komplek Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir.
Əlbəttə ki, 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bu ərazilərin turist məkanına çevriləcəyini təsdiqləyir. Əlbəttə ki, görülən işlər deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərin turizm potensialı böyükdür. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. turistlərin diqqətini cəlb edəcəkdir. Heç şübhəsiz ki, ilk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevriləcək. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur. Bu, onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanın turizm məkanlarının coğrafiyası daha da genişlənəcəkdir.
Təbii ki, hər rayonun özünəməxsus turizm potensialı var. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.
Nəzakət ƏLƏDDİNQIZI