15 İyun 1993-cü il Azərbaycanın milli dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş ən şanlı qurtuluş salnaməmizdir. Müstəqil Azərbaycanın yüksəlişi, inkişafı məhz bu tarixdən başlayır. Bu tarix ümummilli liderimiz, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin adı ilə birbaşa bağlıdır!
Məhz həmin tarixdə ulu öndərimiz xalqın təkidi, israrı və tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək ölkəmizi uçurumun, böyük təhlükələrin caynağından xilas etdi.
Beləliklə, müstəqil Azərbaycan dövlətçiliyi 18 oktyabr 1991-ci ildən sonra ikinci dəfə, yenidən doğuldu. Bu gün həm də milli dövlətçilik tariximizin ən yeni mərhələsinin doğum günüdür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etsə də müstəqilliyimizin ilk illəri təlatümlərlə müşahidə olunurdu. Sözün əsl mənasında ölkədə özbaşınalıq hökm sürürdü. Dövlətimiz Ermənistanla elan olunmamış müharibə vəziyyətində idi. Yenicə yaranmaqda olan milli ordu birləşmələrimizdə də acınacaqlı vəziyyət yaranmışdı.
Erməni təcavüzü daha da şiddətlənirdi. Kəndlərimiz, şəhərlərimiz ard-arda işğal olunurdu. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.
Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın qəlbinin və iradəsinin səsi idi.
Sağlam düşüncəli insanlar, ziyalılar AXC- Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar başa düşürdülər ki, xalqı bu vəziyyətdən yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Xalq öz liderinin ətrafında dəmir yumruq kimi birləşdi.
Beləliklə, məhz 15 iyun tarixindən sonra Azərbaycan dünya siyasi səhnəsində dan ulduzu kimi parlamağa başladı. Ulu öndərimizin dediyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğdu”.
Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi. Ölkənin bu vəziyyətdən çıxacağına qəti inamı artırdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Daim xalqa arxalanan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçildi. Ulu öndərin Azərbaycan Parlamentinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini özünə qaytardı. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü tarixi əhəmiyyətə malik, əsl qurtuluş tarixidir.
Bu tarixi yaradan isə daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi. İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu.
Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib.
Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir.
Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.
Son illər Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.
2020-ci ilin 44 günlük şanlı Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq.
Dövlətimizin başçısının bilavasitə nəzarəti ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl guşələrindən birinə çevirəcək və bu, tariximizə daha bir uğur səhifəsi kimi yazılacaq.
Ulu öndərimiz, əsl siyasət fenomeni Heydər Əliyevin ideyaları hazırda Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Qədirbilən xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək!
Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri