PDF Oxu

Siyasət

  • 778

Azərbaycan-Türkiyə birliyi sarsılmazdır

image

Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Qeyd edək ki, Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bir daha təsdiqlənir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına öz töhfəsini verəcək, inteqrasiyaya yol açacaq, bölgədə inteqrasiya proseslərini stimullaşdıracaqdır.

Onu da qeyd edək ki, dünyada gedən proseslər Azərbaycan və Türkiyəni daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zərurətə çevirdi. Çünki böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Çox vaxt da ikili standartlara əsaslanan siyasət yürüdərək öz mənfəətlərinə uyğun hərəkət edirlər. Bu da həmin təşkilatların öz prinsiplərini pozması anlamına gəlir. Buna görə də Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar. Məsələn, türkdilli ölkələr Türk Dövlətləri Təşkilatı ətrafında birləşərək bu ittifaqı daha səmərəli etməyə çalışırlar. Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın miqdarı, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapıb.

Yeri gəlmişkən, Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də regionun digər ölkələri üçün vacib əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması Şuşa Bəyannaməsində öz əksini tapır.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq bəyan edib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Ən əsası, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Ermənistandakı revanşist qüvvələrə mühüm mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Ruslan Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının fəal üzvü

Digər xəbərlər