PDF Oxu

Siyasət

  • 1 538

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

image

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. 1993-cü il iyunun 9-da Heydər Əliyevin xalqın və Respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gələn Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alındı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, iqtisadi inkişaf istiqamətində islahatlara başlanıldı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Heydər Əliyev 1994-cü ildə, eyni zamanda, bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. 2020-ci ilin sentyabr ayının 27-də erməni təxribatına cavab olaraq ordumuz həyacan siqnalı ilə ayağa qalxdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuzun-igidlərimizin uca zirvələrə sancdığı üçrəngli Qələbə bayraqları işğal olunmuş torpaqlarımızın hər bir yerində qürurla dalğalanaraq bu torpaqların kimə məxsus olduğunu düşmənlərimizə və dünyaya əminliklə bir daha bildirdi. Bu möhtəşəm qələbə Vətənimizin hər bir övladına əbədi bir qurtuluş baharı, azərbaycanlı olmaq ucalığı və şərəfi bəxş etdi. Bütün uğurlarmızda olduğu kimi bu qələbənin də təməlində xalq-dövlət birliyi, Ali Baş Komandana-İlham Əliyevə olan ümumxalq sevgisi və sonsuz inam dayandı. Bu ilahi sevgi və inam bizləri bir yumruq altında-Döyüşən xalq kimi birləşdirdi. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.


Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər