Prezident İlham Əliyev: "Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır"
"Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar. "Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda ikinci iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb.
Dövlətimizin başçısı, həmçinin bildirib ki, zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil edib. "Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndərin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə barəbar demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazası yaradıldı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə bərabərliyi, hebalə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edildi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
AZƏRBAYCAN GENDER SİYASƏTİNİN REALLAŞDIRILMASINDA YENİLİKLƏRƏ İMZA ATIB
Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət nəzarətindədir və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
Qeyd edək ki, türkkdilli ölkələr kontekstində ailə dəyərləri, böyüklərə hörmət xüsusi yer tutur. Ailənin rolunu anlamaq, gücləndirmək böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev qeyd edib ki, hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.
TDT-yə üzv ölkələrdə 170 milyondan artıq əhali var və onların da 40 faizini gənclər təşkil edir. Bu baxımdan, mənəvi dəyərlərimizi qorumaq, müasir dövrlə ayaqlaşmaq üçün "yol xəritəsi"nin hazırlanması vacibdir. Türk toplumları arasında birliyin, bərabərliyin, ailə qurumlarının daha da güclənməsi üçün işlər davam etdiriləcək.
Azərbaycanda qadın hərəkatının formalaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır. Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün zəmin yaratdı. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.
ĞƏLƏCƏK NƏSİLLƏRƏ ÖRNƏK, SÜLHÜN, ƏMİN-AMANLIĞIN CARÇISI OLMUŞ AZƏRBAYCAN QADINI
Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai siyasi proseslərin gedişində də onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Övladlarını Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə yerinə yetirir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştiakçısıdırlar. 44 günlük Vətən müharibəsində Azərbaycan qadınının müdrikliyinin, məğrurluğunun, qəhrəmanlığının bir daha şahidi olduq. Xalqımız olduqca həssas dönəmində qadınlarımızın nümayiş etdirdiyi iradə, fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək oldu.
Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Azərbaycan qadını Vətənin yüksəlişinin müdhiş sınaqlarından keçərək bu əmin-aman günlərimizə necə yetişdiyini heç bir zaman unutmayaraq, gələcəyimiz naminə özünü səfərbər edərək əməyi, zəhməti, ağlı, elmi, bacarığı, sədaqəti ilə bu yüksəlişə dayaq olacaqdır.
Gender anlayışı kişi və qadınların cəmiyyət həyatında sosial statusunu, funksiya və rolunu ifadə edir. Yəni, qadın və kişilər cəmiyyət həyatında eyni sosial rola, eyni sosial funksiyalara malikdirlər. Bu gün Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib.
Nəzakət ƏLƏDDİNQIZI