PDF Oxu

Siyasət

  • 582

Milli Qurtuluş Günü dövlətçilik tariximizin qürur səhifəsidir

image

Dövlətçilik tariximizin qürur səhifəsini, 15 İyun –Milli Qurtuluş Gününü xalqımız yüksək əhval-ruhiyyə ilə qeyd edir.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”- söyləyən Ulu Öndər Heydər Əliyevin müdrik siyasi fəaliyyəti sayəsində 1993-cü ilin 15 iyun tarixi Azərbaycanının müstəqilliyi və dövlətçiliyinin xilas günü kimi müstəqil ölkəmizin salnamsinə qızıl həriflərlə yazıldı.

Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı, bünövrəsi də dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin ilk illərində hakimiyyətə qayıtdığı gün, milli müstəqilliyimizin əbədiliyinin təmin edildiyi gün qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı. O illərdə böyük faciələrlə, çətinliklərlə üz-üzə qalan Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaosdan, anarxiyadan qurtula bildi. Ulu Öndər Heydər Əliyevin siyasi faəliyyətinin fəlsəfəsini milli birlik, vətandaş həmrəyliyi prinsipi təşkil edirdi. Dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa nail oldu.

O gündən-1993-cü il 15 iyundan bu günə kimi Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi. Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği sayəsində Azərbaycan bu gün etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkə kimi tanınır.

Zaman keçdikcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin böyüklüyünü daha çox hiss edirik, Ümummilli Liderin milli tarix üçün qəbul etdiyi qərarların, milli ideologiyanın xalqın birliyinə verdiyi təkanı daha aydın görürük.

Ulu Öndər Heydər Əliyevin praqmatik siyasəti, misilsiz xidmətləri sayəsində tarixin müxtəlif dövrlərində çox çətin sınaqlardan üzüağ çıxmağı bacaran Azərbaycan müstəqil, suveren dövlət kimi beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə öz mövqeyini qoruyub saxlaya və daha da möhkəmləndirə bildi. Dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi lider, Böyük Azərbaycanlı Heydər Əliyevlə xalqımız qürur duyur və fəxr edir ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş müstəqilliyimiz Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, tərəqqi yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də olmazdı.

Xalqımızın dövlətçilik tarixinin şanlı qürur səhifəsini bəzəyən 15 İyun –Milli Qurtuluş Gününüz mübarək!

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər