17 iyun 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində 17 iyun-Tibb işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Kamil Həsənov, səhiyyə işçiləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, oftalmoloq-alim Zərifə Əliyevanın, dünyasını dəyişmiş tibb işçilərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tibb işçilərini təbrik edərək, Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolundan, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində milli səhiyyə sistemimizin sürətlə müasirləşməsindən bəhs etmişlər.
Tədbirdə rayon əhalisinə göstərdikləri nümunəvi tibbi xidmətlərə görə bir qrup səhiyyə işçisi rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən təltif edilmişdir.
Tədbirin sonunda Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artist Firuz Səxavətin və Ağdam Musiqi Kollecinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.