YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.B.Zərdabi pr.88a” (SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor əvəzi Mübariz Quliyev, Yasamal rayon təşkialtının sədr müavini Elnarə Mustafayeva, ərazi üzrə Partiyanın üzvləri və“Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor əvəzi Mübariz Quliyev bildirib ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, dövlətçilik tariximizin mühüm mərhələlərini yenidən dəyərləndirməyə imkan yaradır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirdi. Bu sənəd xalq hakimiyyətinin, insan hüquq və azadlıqlarının təminatçısına çevrildi. Prezident İlham Əliyev isə bu hüquqi təməli möhkəmləndirərək Azərbaycanın suverenliyini real gücə çevirdi. Xüsusilə Qarabağ üzərində dövlət suverenliyinin tam bərpası bu prosesin parlaq nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin idarəetmə mexanizmləri müasirləşdirildi, qanunvericilik sistemi təkmilləşdirildi. Konstitusiyanın ruhuna uyğun olaraq, milli maraqlar və strateji hədəflər uzlaşdırıldı. Bu il həm də suverenlik anlayışının sadəcə hüquqi deyil, praktiki gücə malik olduğunu sübut etdi. Dövlət başçısının qətiyyətli siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada suveren qərarlar qəbul edən güclü aktora çevrildi. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilir. “Konstitusiya və Suverenlik İli” ölkəmizin hüquqi düşüncə mədəniyyətini və milli özünüdərkinin zirvəsini ifadə edir.
Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Azərbaycanın Dövlət Suverenliyi Günü isə bu anlayışın ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində əhəmiyyətli siyasi dönüş nöqtələrindən birini təşkil edir. Bildirilib ki, dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik öz əksini tapıb. Vurğulanıb ki, əldə olunan tarixi zəfərlər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.
Çıxış edən YAP Yasamal rayon “H.B.Zərdabi pr.88a” (SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri İbrahim Allahverdiyev “Konstitusiya və Suverenlik İli” və onun əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi, ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtələrinə işıq salmaqla yanaşı, hüquqi və hərbi zəfərlərimizi bir daha vurğulayır. Bu il təkcə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyini qeyd etməklə məhdudlaşmır, eyni zamanda dövlətimizin tam suverenliyinin bərqərar olması istiqamətində atılan addımları da əhatə edir. Konstitusiya hər bir dövlətin hüquqi əsaslarını və idarəçilik sistemini müəyyən edən əsas qanundur. O, vətəndaşların hüquq və azadlıqlarını qoruyur, dövlət hakimiyyətinin bölünməsini və idarəçilik mexanizmini tənzimləyir. Suverenlik isə dövlətin müstəqilliyini, daxili və xarici siyasətini sərbəst müəyyən etmək hüququnu ifadə edir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi islahatların dərinləşdirilməsi və milli suverenliyin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Yekdilliklə YAP Yasamal rayon “H.B.Zərdabi pr.88a” (SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini vəzifəsinə İlham Quliyev seçilib. İlham Quliyev ərazi partiya təşkilatı tərəfindən göstərilmiş etimada görə təşəkkürünü bildirərək Partiyamızın gələcək ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərəcəyini bildirib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzu edib.
Tədbirin sonunda fəxri fərmanlar və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.