Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kamaləddin Qafarov, rayon təşkilatının kollektivi, Binəqədi rayonunda fəaliyyət göstərən tibb işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün qonaqları salamlayaraq bildirib ki, ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü hər il ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılmasını, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsini vurğulayıb. Bir sözlə, səhiyyənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. V. İsmayılov çıxışında qeyd edib ki, tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür və yeni imkanlar yaradılır. O, eyni zamanda səhiyyə işçilərinin fəaliyyətinə toxunaraq, həkimlərə işlərində müvəffəqiyyətlər arzulayıb.
Millət vəkili Kamaləddin Qafarov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini vurğulayaraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən tibb işçiləri – Fədai Hacıyev, Müşfiq Mirzəyev, Qaraxan Əliyev və başqaları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar dövlətimiz tərəfindən səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin verdiyi göstərişlər və qarşıda qoyduğu vəzifələrdən danışaraq əmin edib ki, rayonun çoxsaylı tibb işçiləri üzərlərinə düşən şərəfli işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.
Tədbirin yekununda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə Fəxri Fərman və hədiyyələr təqdim edilib.