İyunun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, həmçinin rayonda səhiyyə sahəsində çalışan həkimlər, tibb bacıları, feldşerlər və digər tibbi heyət üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə tibb işçilərinin cəmiyyətimizdəki əvəzsiz rolundan danışaraq onların fədakar və məsuliyyətli fəaliyyətini yüksək dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın sağlamlıq hüququ dövlət tərəfindən qorunur. O, bütün səhiyyə işçilərini bayram münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və hər zaman vətəndaşların duasını qazanmağı arzulayıblar.
Çıxışlarda, həmçinin Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı, Onun rəhbərliyi dövründə bu sahədə atılmış mühüm addımlar, eləcə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş davamlı siyasəti barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində bir sıra tibb işçiləri səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanla təltif olunub.