Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir"
"Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub". Bu sözləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində çıxışında söyləyib. Dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür".
Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Azərbaycan- Türkiyə birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir, uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. "Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir", - deyə Prezident bildirib.
"AZƏRBAYCAN XALQI BU FACİƏNİ (2023-CÜ İL FEVRALIN 6-DA BAŞ VERƏN ZƏLZƏLƏNİ) ÖZ FACİƏSİ KİMİ QƏBUL ETDİ"
Bildiyimiz kimi, Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi. "Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi" – deyən Prezident bildirib ki, ilk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır. Azərbaycan Prezident ionu da bildirib kimi, Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır: "Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir".
2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.
Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.
"Azərbaycan" məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
"AZƏRBAYCAN" MƏHƏLLƏSİNİN YARADILMASI DA ÇOX GÖZƏL HADİSƏDİR"
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsinin açılışını ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı var. Burada təhsilə dəstək məqsədilə əlavə otaqlar da uşaqların ixtiyarına verilib. Binada zəruri tədris materialları ilə təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərslərinin keçirilməsi üçün otaqlar, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün emalatxanalar yaradılıb. "Azərbaycan" məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq", - deyə Azərbaycan Prezidenti bildirib.
RƏCƏB TAYYİB ƏRDOĞAN: "“AZƏRBAYCAN” MƏHƏLLƏMİZ BİZİM ƏN MÖTƏBƏR LAYİHƏLƏRİMİZDƏN BİRİDİR, QÜRUR TABLOMUZDUR"
Əlbəttə ki, hər zaman güclü dövlət olan Türkiyə bütün çətinliklərdən məğrur çıxdığı kimi, bunun da öhdəsindən gəldi. " Bəli, bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin", - deyə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. Türkiyə Prezidenti onu da bildirib ki, “Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur: "Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq, inşallah. Təkcə evləri ilə deyil, parkları, bağları, mədəniyyət mərkəzi, Heydər Əliyev adına orta məktəbi ilə bura Türkiyə yüzilliyinin qabaqcıl şəhərlərinə yaraşacaq bir yaşayış sahəsi olaraq dirçəldilir. Hazırda burada ümumilikdə 2778 mənzilin, mağazanın və ofisin inşası sürətlə davam edir. Bu gün artıq layihələrimizin demək olar ki, yarısını başa çatdırdıq. İnşallah, ilin sonuna qədər qalan işlərimizi də başa çatdırıb öz sahiblərinə təhvil verəcəyik".
"TÜRKİYƏ XALQININ BİZİMLƏ BƏRABƏR OLMASI BİZİM GÜCÜMÜZƏ GÜC QATIB"
Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. "Hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birlərinə arxa, dayaq durmağı bacarır. Qardaş ölkə 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verərək bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib.
"ŞUŞA BƏYANNAMƏSİ BİZİM MÜNASİBƏTLƏRİMİZİ RƏSMƏN MÜTTƏFİQLİK SƏVİYYƏSİNƏ QALDIRMIŞDIR"
Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə dövlətlər arasında əlaqələri ən yüksək zirvəyə qaldıraraq, gələcək işbirliyinin təminatında mühüm sənəd kimi tarixdə yer aldı. Azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə dövlətlərarasında əməkdaşlıqda strateji əhəmiyyət kəsb edir. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur.
Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələr də yer almışdı. Belə ki, sənəddə bir sıra məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyəti diqqətə çatdırılaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulub. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və qardaş dövlətlər dünyaya birlik mesajlarını vermiş oldular. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, "Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinin yanında inamla uğurla irəliləyir".
Şuşa Bəyannaməsi həmçinin hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına geniş imkanlar açmış oldu. Ötən dövrün mənzərəsinə nəzər saldıqda görürük ki, iki ölkə arasında siyasi, iqtisadi-ticari əlaqələr ən yüksək səviyyədədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizlikdə, əməkdaşlıqda müstəsna rola malikdir.
Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib. Qardaş ölkələr arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələrdir və milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər.
Nəzakət ƏLƏDDİNQIZI