Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür. Uğurlu islahatların, mütəşəkkil strategiyanın və uzaqgörən liderliyin nəticəsi olaraq bu gün ordumuz Cənubi Qafqazın ən güclü hərbi qüvvəsi hesab olunur.
Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız dahi Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Dərin strateji baxış və müdrik qərarlarla qısa müddətdə ordu quruculuğunda əsaslı dönüş yaradıldı.Məhz Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur.Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.
Bu gün də Ümummilli Liderin başladığı ordu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir tələblərə cavab verən, yüksək peşəkarlığa malik, döyüş qabiliyyətli və vətənpərvərlik ruhunda formalaşan bir qüvvəyə çevrilmişdir. Azərbaycan əsgəri bu gün yalnız silahı ilə deyil, ruhu ilə də güclüdür. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Erməni faşizminin regionumuza gətirdiyi bəlalara son qoyan, minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı ilə mübarizə aparan, Vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur.Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. 44 günlük müharibədə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu qürur dolu tarix və bu günümüzü mümkün edən əsas amil – güclü liderlik, xalq-ordu birliyi və mütəşəkkil dövlət siyasətidir. Azərbaycan Ordusu bu gün yalnız hərbi uğurların deyil, həm də milli dirçəlişin, xalqın birliyinin və dövlətimizin suverenliyinin rəmzinə çevrilmişdir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri