PDF Oxu

Siyasət

  • 1 145

Ordu qüdrətimizdir, qalxanımızdır

image

Ordu – sadəcə əsgərlərlə dolu bir qurum deyil, dövlətin ruhunu, xalqın iradəsini, vətənin şərəfini qoruyan canlı bir qüvvədir. Azərbaycanın müasir ordusu bu gün təkcə hərbi gücü ilə deyil, həm də mənəvi-ideoloji dayaqları ilə dünyaya nümunə göstəriləcək bir səviyyəyə çatıb. Bütün bu inkişafın, formalaşmanın, möhkəmlən-mənin bünövrəsində isə bir ad dayanır – Heydər Əliyev. Ulu Öndər Heydər Əliyev üçün ordu quruculuğu hər zaman strateji önəm daşıyan bir məsələ olub. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı andan etibarən Heydər Əliyev milli hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirməyə başladı. O illərdə Azərbaycanda hərbi təhsil almaq, milli zabitlər hazırlamaq üçün demək olar ki, heç bir müstəqil infrastruktur yox idi. Amma Heydər Əliyev bu boşluğu dərin strateji baxış və siyasi iradə ilə doldurmağa başladı. 1971-ci ildə onun təşəbbüsü ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu lisey sonrakı illərdə on minlərlə azərbaycanlı gəncin orduya, hərb sənətinə bağlanmasına və peşəkar zabit kimi formalaşmasına şərait yaratdı. Bununla da Azərbaycanın ordu tarixində yeni bir səhifə açıldı. Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunduğu illərdə belə azərbaycanlı gənclərin hərbi təhsil almasına şərait yaratmaqdan heç vaxt vaz keçmədi. Onun səyləri nəticəsində yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının müxtəlif hərbi məktəblərinə qəbul olundu.

Bu kadr potensialı gələcəkdə Azərbaycanın müstəqil ordusunun təməlini təşkil etdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, dövlətçilik strukturlarının zəifliyi ölkənin təhlükəsizliyini ciddi təhdid altına saldı. Təəssüf ki, müstəqilliyin ilk illərindəki xaos və səriştəsiz rəhbərlik nəticəsində ordu quruculuğu prosesi iflic vəziyyətə düşmüşdü. Ermənistanın hərbi təcavüzü fonunda Azərbaycanın ərazi bütövlüyü təhlükə altına düşdü. Ordunun olmaması, başıpozuq silahlı dəstələrin çoxalması, fərqli qüvvələrin silahı öz maraqları üçün istifadə etməsi ölkəni uçuruma aparırdı. Belə bir vəziyyətdə xalqın ümidsizliyi artmağa başlamışdı. Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkədə sabitlik bərpa olunmağa başladı və nizami ordu quruculuğuna start verildi.

Başlı-başına buraxılmış silahlı dəstələr ləğv edildi, tabeçilik sistemi quruldu, vahid komandanlıq formalaşdırıldı.Heydər Əliyev ordunun təkcə güc strukturu deyil, eyni zamanda milli ideologiyanın da daşıyıcısı olduğunu bildirirdi. Onun fikrincə, xalqla ordunun birliyi dövlətin möhkəmliyi üçün əsas şərtdir. 1994-cü ildə Ermənistanla atəşkəsin imzalanması Silahlı Qüvvələrin təşkilatlanması və möhkəmlənməsi üçün yeni imkanlar yaratdı. Bu dövrdə orduya ayrılan diqqət, təlimlərin intensivləşməsi, döyüş hazırlığının artırılması sistemli şəkildə həyata keçirildi. Orduya yeni texnika və silahlar cəlb olunmağa başlandı. Şəxsi heyətin döyüş ruhunun gücləndirilməsi üçün həm mənəvi, həm də ideoloji təbliğat sistemləri quruldu. 1998-ci ildə Ulu Öndərin imzaladığı Fərmanla 26 İyun Silahlı Qüvvələr Günü kimi elan olundu. Bu qərar Azərbaycan ordusuna verilən önəmin rəmzi olmaqla yanaşı, hərbçilərin mənəvi stimulu baxımından da əlamətdar idi. 1999-cu ildə isə Ulu Öndər daha bir mühüm qərar verdi Hərbi Akademiyanın yaradılması. Bu akademiyanın təsis olunması orduya milli strateji düşüncəyə sahib zabitlər yetişdirilməsi baxımından mühüm addım idi.
Sonrakı illərdə bu təhsil müəssisəsinin məzunları müxtəlif qoşun növlərində xidmət edən nüfuzlu hərbiçilərə çevrildilər.

2001-ci ildə peşəkar hərbi kadrların daha yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədilə hərbi təhsil sistemində köklü islahatlar aparıldı və nəticədə Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi kimi ixtisaslaşmış ali hərbi təhsil müəssisələri formalaşdırıldı. Bütün bu islahatların kökündə bir məqsəd dayanırdı – güclü, milli, mütəşəkkil, döyüşkən ordu formalaşdırmaq.

Ulu Öndər ordunu dövlətçiliyin dayağı, xalqın ümid yeri hesab edirdi.O, deyirdi: “Gənclər orduda xidmət etmək üçün tərbiyələndirilməlidir”. Bu fikrin özü milli ruhun, vətəndaşlıq şüurunun formalaşması üçün bir çağırış idi.Silahlı Qüvvələrə olan bu qayğı sonrakı illərdə daha da artdı. Ali Baş Komandan kimi Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirdi. Bu davamlılıq nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrildi.

44 günlük Vətən müharibəsində bu güc özünün real təzahürünü tapdı. Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalında qalan torpaqları qəhrəmancasına azad etdi. Bu zəfər həm də Heydər Əliyev siyasətinin, onun ordu quruculuğu strategiyasının parlaq nəticəsi idi. Zəfər yürüşündə iştirak edən hər bir əsgərin timsalında Heydər Əliyevin ruhu, ideyası və məktəbi vardı. Bu gün də Azərbaycan ordusu regionda sülhün, təhlükəsizliyin, ədalətin təminatçısı kimi çıxış edir.Ən müasir texnologiyalarla təchiz olunan, milli ideologiya ilə silahlanan bu ordu təkcə ölkənin deyil, həm də Türk dünyasının güvən yeridir. 26 İyun bizə ordumuzun gücünü, qüdrətini və mənəvi böyüklüyünü xatırladır. Bu gün biz həm də hərbçilərimizin fədakarlığını, Vətənə sədaqətini, şərəfli xidmətini qeyd edirik. Hərbi xidmət bu gün gənclər üçün vətənpərvərlik məktəbinə çevrilib. Azərbaycan gənci fəxrlə orduya yollanır, çünki bilir ki, bu ordu məhz xalqın ordusudur. Hərbi təlimlərdən tutmuş beynəlxalq sülhməramlı missiyalara qədər hər sahədə uğurlar əldə olunub. Azərbaycan ordusu yalnız döyüş meydanında deyil, eyni zamanda humanitar missiyalarda da nümunəvi mövqe tutur.

Məhz bu da ordu quruculuğunun kompleks yanaşmasının göstəricisidir. Bugünkü Silahlı Qüvvələr Heydər Əliyev irsinin canlı davamıdır. Bu ordu təkcə torpaqlarımızı deyil, həm də milli ruhumuzu qoruyur. 26 İyun tarixi dövlətin, xalqın və ordunun birliyinin rəmzidir. Bu birlik sarsılmaz olduqca Azərbaycan daha da güclənəcək. Ordumuzun hər bir uğuru, hər bir zəfəri bizə Vətənin dəyərini daha dərindən anlatır. Ordumuz varsa, sabahımız var!

Ordumuz güclüdür, çünki xalqına arxalanır! Xalq da qürurludur, çünki arxasında güclü ordusu var! Bu gün Azərbaycan xalqı orduya güvənir, ordusu ilə fəxr edir. Biz bu güvəni Heydər Əliyevin uzaqgörən siyasətinə, möhkəm iradəsinə və dövlətçilik fəlsəfəsinə borcluyuq.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan!

Yaşasın Vətən uğrunda canından keçən hərbçilərimiz!
Qoy 26 İyun – Silahlı Qüvvələr Günü hər zaman qürurla, fəxrlə qeyd olunsun!

Qoy bu gün gələcək nəsillər üçün həm qəhrəmanlıq dərsi, həm də milli iradənin təntənəsi olsun!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər