"Mən özüm vaxtilə dövlət qulluqçusu olmuşam. 1993–1997-ci illərdə Mingəçevir rayonun İcra Hakimiyyətində əvvəlcə köməkçi, sonra isə müavin vəzifəsində çalışmışam. 1997–2001-ci illərdə isə Azərbaycan Respublikasının İcra Aparatında sektor müdiri olmuşam. Və dövlət qulluqçusu olmağın nə qədər məsuliyyətli, eyni zamanda şərəfli bir iş olduğunu öz fəaliyyətimdə görmüşəm". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, dövlət qulluqçusu olmaq – dövlətə və vətəndaşa xidmət etmək deməkdir: "Üzərinə düşən məsuliyyəti peşəkarlıqla, vicdanla və sədaqətlə yerinə yetirmək deməkdir. Bu gün Azərbaycanda Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü, səmərəli və vətəndaşların maraqlarına xidmət edən bir dövlət idarəçilik sistemi formalaşıb.Cənab Prezident İlham Əliyevin apardığı siyasət dövlət qulluqçularını ilk növbədə xalqa, insana xidmət etməyə yönəldir. Bu gün dövlət qulluqçuları vətəndaşların hüquq və maraqlarının qorunmasında, onların sosial problemlərinin həll olunmasında, qarşılarına çıxan çətinliklərin aradan qaldırılmasında, bu məsələlərin aidiyyəti qurumlara çatdırılıb həllinə nail olunmasında mühüm rol oynayırlar. İstər mərkəzi hakimiyyət, istərsə də yerli icra hakimiyyəti orqanlarında öz işinə məsuliyyətlə yanaşan, vəzifəsinin öhdəsindən ləyaqətlə gələn dövlət qulluqçularımız çoxdur. Hər bir dövlət qulluqçusu dərk edir ki, o, Azərbaycanın bu günü və sabahı üçün xidmət göstərir, Azərbaycan vətəndaşının daha təhlükəsiz, daha rifahlı yaşaması üçün üzərinə böyük məsuliyyət götürür.Bu bayram münasibətilə bütün dövlət qulluqçularını səmimi-qəlbdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar, sağlamlıq və daha böyük nailiyyətlər arzu edirəm".
Müəllif: Ziya Hikmətoğlu