PDF Oxu

Siyasət

  • 565

Böyük Qayıdış: Həsənrizə və Sarıcalıya növbəti köç TƏHLİL

image

Döyüş meydanında qazandığımız möhtəşəm Zəfərimiz xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı tarixi dastana çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik strategiyası və ordunun qətiyyətli fəaliyyəti ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Dövlət başçımızın "Qarabağ Azərbaycandır!" sözləri mübarizə və birlik simvoluna çevrildi və Prezidentlə xalqın sıx birliyi Böyük Zəfərin təminatına çevrildi. Azərbaycan xalqı üçün Zəfər Günü həm qürurumuzu yaşadan, həm də gələcəyin parlaq hədəflərinə gedən yolda mühüm bir tarixdir. Prezident İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik".

2023-cü ilin sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayaraq yenidən xalqımıza qələbə sevincini yaşatdı. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan yeni bir dövrünə qədəm qoyub. Azərbaycan daha uğurlu bir gələcəyə doğru irəliləyir. Tarixi Zəfərimiz ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır.

40 AİLƏ - 146 NƏFƏR HƏSƏNRİZƏ, 1 AİLƏ - 4 NƏFƏR İSƏ SARICALIYA KÖÇÜRÜLDÜ

Bu gün işğaldan azad olunan ərazilərimizdə yeni bir dövr başlanılıb: abadlıq-quruculuq, yeni həyata qayıdış dövrü. Böyük Qayıdış tarixində əlamətdar hadisələrə şahidlik edirik. Yaddaşımızda daşlaşacaq bir qayıdış əzəli sakinləri doğma yurda qovuşdurur. Həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz tarixi günlər. Yüzlərlə insanın qanı tökülən torpaqlara qayıdış. İnləyən, sığlayan şəhərlərə qayıdış. İnsanların doğma yerlərdən səsləri eşdilir. Şəhər, kənd və qəsəbələr yenidən qurulur. Öz əzəli sakinlərini qoynuna alır. Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə, 1 ailə - 4 nəfər isə Sarıcalıya köçürülür. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA DAYANIQLI MƏSKUNLAŞMA

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", həmçinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır.
Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə
"Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bütün bunlar Böyük Qayıdışı sürətləndirəcəkdir.


AĞDAM RAYONUNDA 35 MİN HEKTARDAN ÇOX ƏRAZİ MİNALARDAN VƏ PARTLAMAMIŞ HƏRBİ SURSATLARDAN TƏMİZLƏNİB

İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2025-ci il ərzində yaşayış infrastrukturu üzrə 8 318 hektar, kənd təsərrüfatı üzrə 9 176 hektar, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar, nəqliyyat infrastrukturu üzrə 708 hektar, meliorasiya və su təsərrüfatı üzrə 628 hektar və digər prioritet layihələr daxil olmaqla, cari il ərzində 27 204 hektar ərazi mina və partlayıcı qalıqlarından təmizlənib.
44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 35 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Ağdamın Sarıcalı kəndində birinci mərhələdə kəndin ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İkinci mərhələdə Sarıcalı kəndi ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənəcək. Sarıcalı kəndi keçmiş təmas xəttinin olduğu ərazilərdəndir. Ərazi minalarla həddindən artıq çirkləndirilib.
Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Qazax rayonunda da icra olunur. Bu günədək 206 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.
Azərbaycan dövləti yalnız keçmiş məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi model təqdim etməkdədir.

"BİZ DAĞIDAN YOX, QURUB-YARADANIQ"

Bu gün ermənilərin viran qoyduqları ərazilərdə irimiqyaslı layihələr icra olunur. Şəhərlərin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Əhalinin işlə təminatı və məşğulluğu da daim diqqətdədir. Təkcə Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 1097 şəxsi məşğulluq tədbirlərinə cəlb edib. Onlardan 1051 şəxsin məşğulluğu təmin olunub (o cümlədən, 48 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 46 sakin isə peşə kurslarına cəlb edilib. Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir. "Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər