Bu gün Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bu istiqamətdə möhtəşəm nailiyyətlər əldə etməkdədir.
Azərbaycan son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə Cənubi Qafqazın enerji xəritəsində mövqeyini möhkəmləndirib.
Azərbaycan enerji sektorunda həyata keçirdiyi uğurlu siyasət və strateji layihələrlə dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
24 iyun tarixdə Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri çərçivəsində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirdi ki, "Bu layihənin qısa müddət ərzində icra edilməsi, - energetiklər bunu yaxşı bilirlər - rekord nəticə sayıla bilər. Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir - bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı. Mən xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var."
Azərbaycanın enerji siyasəti bundan sonra da regional və qlobal miqyasda ölkəyə strateji üstünlüklər qazandırmağa davam edəcək və “8 Noyabr” Stansiyası bu siyasətin güclü dayaqlarından biri olaraq tarixə yazılacaq.
Dövlətimiz həm də enerji ixracı yolu ilə tərəfdaşlarının təhlükəsizliyini təmin edən etibarlı təchizatçı rolunu oynayır. “8 Noyabr” Elektrik Stansiyası bu konteksdə daxili təchizat sabitliyini gücləndirməklə yanaşı, ixrac potensialını da artırmağa imkan verir.
Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı