Dövlət başçısı İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimində bir daha bu reallığı xüsusi vurğuladı ki, bu layihənin qısa zamanda reallığa çevrilməsinə energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və beynəlxalq tərəfdaşlarımızın töhfəsi şərait yaratdı. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Ölkəmizin ümumi iqtisadi artımdan danışarkən, enerji təhlükəsizliyi məsələsi öndə dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji təhdükəsizliyində yeni səhifə kimi dəyərləndirilən “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimindəki çıxışında diqqəti bu məqamlara yönəldərək bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amili gündəlikdə prioritet məsələlərdən biri kimi dayanır. Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir. Onu da qeyd edək ki, Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə BP şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Bundan əlavə, Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası elan edildikdən sonra bu ərazilərdə bərpaolunan enerji potensialının aktiv istifadəsi istiqamətində ciddi işlər görülür. Reallıq budur ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu qeyd etməklə yanaşı, səylərini də artırır. Ölkəmiz bərpaolunan enerji mərkəzi kimi tanınır. COP29 kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi də Azərbaycanın bu sahədəki iddiasını və qlobal enerji gündəmində artan rolunu bir daha nümayiş etdirir. COP29-un Bakıda keçirilməsi ölkəmizin yaşıl enerji siyasətinə və ekoloji təşəbbüslərinə beynəlxalq diqqəti daha da artırıb. Bu tədbir çərçivəsində Azərbaycan dünyanın qabaqcıl enerji şirkətləri, beynəlxalq maliyyə institutları və ekoloji təşkilatları ilə yeni tərəfdaşlıqlar qurmaq, yaşıl enerji texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq yaşıl maliyyə resurslarına çıxış imkanlarını gücləndirmək imkanı qazanıb. Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini