PDF Oxu

Siyasət

  • 537

“8 Noyabr” elektrik stansiyası Azərbaycanın gücünü göstərən layihədir - ŞƏRH

image

Bu stansiyanın istifadəyə verilməsi cənab Prezident İlham Əliyevin strateji baxışı ilə enerji diplomatiyasının növbəti qələbəsidir. Azərbaycan Respublikası 24 iyun 2025-ci il tarixində öz müasir tarixinin daha bir mühüm səhifəsini yazdı. Mingəçevirdə inşa edilən və ölkəmizin ən iri enerji obyektinə çevrilən “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verildi. Bu mühüm hadisə təkcə energetika sahəsində deyil, həm də milli iqtisadiyyat, siyasi sabitlik, dövlət təhlükəsizliyi və beynəlxalq etimad baxımından strateji dəyərə malikdir. Bu gün Azərbaycanın enerjidə əldə etdiyi nəticələr təsadüfi uğur deyil, sistemli dövlət idarəçiliyinin, uzaqgörən strateji qərarların və liderlik prinsipinə söykənən siyasətin bəhrəsidir. Prezident İlham Əliyev bu ardıcıllığı Ulu Öndər Heydər Əliyevin irsini davam etdirərək qorumuş, daha da inkişaf etdirmişdir. “Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq”, – deyən dövlət başçısı, enerji sektorunun təməlini yenidən atmaqla ölkənin enerji təhlükəsizliyini möhkəmləndirmişdir. İnşa müddəti baxımından “8 Noyabr” Elektrik Stansiyası dünya təcrübəsində nadir hal sayılır. Təxminən 2 min meqavat gücə malik bir stansiyanın cəmi iki ilə istifadəyə verilməsi, Azərbaycanın təşkilatçılıq gücünü və iş tempini ortaya qoyur. Halbuki analoji gücə malik enerji obyektlərinin inşası digər ölkələrdə 4–5 il, bəzən daha uzun çəkir. Bu rekordun əsas səbəbləri arasında Prezident İlham Əliyev Azərbaycan energetiklərinin peşəkarlığını, hazır infrastruktur bazasını və beynəlxalq tərəfdaşlarla effektiv əməkdaşlığı göstərmişdir. Bu əməkdaşlıq isə təsadüfi deyil – o, Azərbaycanın qazandığı etibarın göstəricisidir. Layihədə İtaliya və Çin şirkətlərinin iştirakı, ölkəmizin bu iki dövlətlə olan strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Cənab Prezident açıq şəkildə qeyd etdi: “Həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.” Bu əməkdaşlıq, təkcə texnologiya transferi deyil – bu, siyasi etimadın enerji sahəsində reallaşmasıdır. Xüsusilə Avropa enerji böhranı fonunda Azərbaycanın bu ölkələrlə yaratdığı enerji körpüləri regional sabitliyin də təminatçısıdır. “8 Noyabr” stansiyasının strateji əhəmiyyəti, onun istehsal gücü ilə ölçülmür. Bu obyekt həm də milli təhlükəsizlik obyektidir. Cənab Prezidentin də qeyd etdiyi kimi: “Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.” 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçeviri raket atəşinə tutması, enerji infrastrukturunun düşmən üçün hədəf olduğunu bir daha göstərdi. Bu gün isə həmin ərazilərdə müasir enerji istehsalı obyektlərinin qurulması, Azərbaycanın gücünün və suverenlik nüfuzunun simvoludur. Beləliklə Mingəçevir təkcə coğrafi məkan deyil, artıq enerji mərkəzidir. Yeni stansiya ilə birlikdə Mingəçevirdə yerləşən üç enerji obyektinin – “Azərbaycan” İstilik Elektrik Stansiyası (1800 meqavat), “8 Noyabr” Elektrik Stansiyası (1880 meqavat) və Su Elektrik Stansiyası (400+ meqavat) – ümumi gücü 4000 meqavatı aşır. Bu da Azərbaycanın elektrik enerjisi istehsalının 40 faizindən çoxunun bu şəhərdə təmin edildiyi anlamına gəlir. Cənab Prezident İlham Əliyev tam haqlı olaraq vurğuladı: “Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusu daha da güclənəcək.” “8 Noyabr” stansiyasının mühüm üstünlüklərindən biri də enerji səmərəliliyi və şərti yanacağa qənaət imkanlarıdır. Bu isə o deməkdir ki, daxildə istehlak üçün daha az qaz lazım olacaq və ixrac potensialı artacaq. Cənab Prezident bu barədə açıq şəkildə bildirdi: “Bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var.” Bundan əlavə, 2030-cu ilə qədər əldə olunacaq 6500 meqavatlıq yaşıl enerji ilə Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin çəkisi artacaq, ixrac üçün elektrik enerjisinin yeni kanalları açılacaq. Yeni stansiyanın adının “8 Noyabr” – Zəfər Günü ilə adlandırılması, sadəcə simvolika deyil. Bu, enerji sektoruna milli qürur və vətənpərvərlik ruhunun hopdurulmasıdır. Cənab Prezident bu barədə dedi: “Bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Zəfər xalqımıza, dövlətimizə yaraşır.” Bu, həm rəqəmlərlə ölçülən gücün, həm də ruhla qazanılan qələbənin bir araya gəldiyi böyük layihədir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı ilə Azərbaycan daxili enerji təhlükəsizliyini möhkəmləndirir, qaz ixracında gücünü artırır, beynəlxalq tərəfdaşlıqlarını dərinləşdirir, enerji istehsalını yaşıl mənbələrlə tarazlayır və milli qürur simvolunu iqtisadi gücə çevirir. Bu layihə təkcə bir stansiyanın deyil, müstəqil Azərbaycanın suveren enerji modelinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş və sabit gələcək üçün planlı inkişaf yolunda inamla irəliləyir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Digər xəbərlər