Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji sahəsində də etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz böyük enerji layihələrinin müəllifidir. Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri cari ilin iyunun 24-də açılışı olan Mingəçevirdə yerləşən"8 Noyabr" Elektrik Stansiyasıdır. Sözügedən stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə cəmi iki il ərzində uğurla başa çatdırılıb və bu, zaman baxımından rekord hesab olunur.
"8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın enerji sahəsindəki bir çox amillərlə yanaşı, beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf modelinin daha bir təzahürüdür. Bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı bildirdiyi kimi, "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır". Əlbəttə ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır. "Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır", - deyə dövlətimizin başçısı çıxışında vurğulayıb. Bu illər ərizində Azərbaycanda yeni elektrik stansiyaları qurulub, istismara verilib. Mingəçevirdə də yenidənqurma işləri aparılmış və 2018-ci ildə "Azərbaycan" İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulub. 2020-ci ildə stansiyaya yeni həyat verilmiş və bu gün "Azərbaycan" Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, "8 Noyabr" Stansiyasının gücü 1880 meqavatdır, "8 Noyabr" Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji potensialını gücləndirəcək bir layihədir. 1880 meqavat gücündə olan bu stansiya enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı Mingəçevirin təkcə Azərbaycanın deyil, o cümlədən Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da artıracaqdır. Əlbəttə ki, stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. " Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq." – deyə Azərbaycan Prezidenti bildirib.
İtaliya və Azərbaycan arasında strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir. Azərbaycan İtaliyanın əsas xam neft, təbii qaz təchizatçılarından biridir. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda, İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir.
Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir və yeni əməkdaşlıq platformaları meydana çıxır. Regionda son illərdə həyata keçirilən və əməkdaşlığa töhfə verən layihələr diqqətdən kənarda qalmır.
Stansiyaya "8 Noyabr" adının verilməsi də təsadüfi deyildi. "Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq", - deyə Azərbaycan Prezidenti diqqətə çəkib.
"8 Noyabr" Elektrik Stansiyasının açılışı ölkəmizin enerji siyasətinin uğurlarının davamıdır. Sözügedən stansiyanın istifadəyə verilməsi ölkəmizin enerji potensialını daha artıracaqdır. Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi hesab edilən Azərbaycan Avropa bazarlarını enerji ehtiyatları ilə təmin edən əsas təchizatçılardan biri olmaqla gələcəkdə də Avropaya qaz ixracatçısı kimi aparıcı mövqeyə malik olacaqdır. Aparılan uğurlu enerji diplomatiyası nəticəsində həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə etməklə Azərbaycan nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir.
Orxan MƏMMƏDZADƏ
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının məsləhətçisi