PDF Oxu

Siyasət

  • 450

Azərbaycanın energetika sistemi

image

İyun ayının 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verildi. Bu elektrik stansiyası ölkəmizdə enerji istehsalının daha da artmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən bu elektrik stansiyasının inşasına başlanılmışdır və bu layihənin icrası uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyir. Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında demişdir: "8 Noyabr" Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.

Son illərdə Azərbaycan enerji təsərrüfatında dərin struktur islahatları apararaq bu sahəni demək olar ki, sıfırdan yenidən qurmuşdur. Bu prosesin nəticəsi olaraq, hazırda Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkələrindən birinə çevrilmişdir. Xüsusilə, Mingəçevirdə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji sektorunda mühüm hadisədir. Bu stansiya Azərbaycanın elektrik enerjisinə olan tələbatının təqribən 40%-ni təmin etməklə, ölkənin Qafqaz regionunda enerji mərkəzinə çevrilməsində mühüm rol oynayır”.

Stansiyanın açılış mərasimdəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Ölkə Başçısı Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu qeyd etmişdir.

Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkənin enerji resurslarından səmərəli istifadə təmin olunur. Yaxın perspektivdə Azərbaycanın yaşıl enerji potensialı, xüsusilə bərpa olunan enerji sahəsində əldə olunan nailiyyətlər, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olacaqdır.

Səyyad MİRZƏYEV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər