Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Laçın şəhərində təntənəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının kuratoru Elmar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri,Qarabağ müharibəsi iştirakçıları, idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, YAP fəalları,Laçın şəhərinə və Zabux, Sus, Bəylik kəndlərinə qayıdan sakinlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbiri giriş sözü ilə açaraq yubiley münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib və təşkilatın 30 illik fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı 1995-ci il iyulun 19-da təsis olunub. Ötən müddət ərzində təşkilat uğurlu inkişaf yolu keçərək bütün ictimai-siyasi proseslərdə yüksək fəallıq göstərib. Hazırda təşkilatın çoxsaylı üzvləri var.
İlqar İlyasov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsi əsasında yaradılan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin ən güclü və monolit siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirir. Birinci vitse prezident Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi səmərəli fəaliyyətini xüsusi əhəmiyyətli hesab edən İlqar İlyasov bildirib ki, YAP bundan sonra da dövlətin və xalqın mənafeyi naminə aparıcı rolunu qoruyub saxlayacaq.
Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurlardan danışıb və YAP Laçın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, təşkilat Laçın şəhərində müxtəlif istiqamətli tədbirlər keçirərək rayonun ictimai-siyasi həyatını zənginləşdirir. O, Prezidentin Laçın rayonuna etdikləri səfərlər, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov isə qeyd edib ki, YAP-ın fəaliyyəti dövründə əldə edilən nailiyyətlər partiyanı ölkədə sabitliyin əsas təminatçısı kimi təqdim edir. Bu gün YAP yalnız regionda deyil, beynəlxalq miqyasda da nüfuzlu siyasi qüvvə kimi tanınır.
YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev partiyanın müstəqil Azərbaycanın qurulması və inkişafında tarixi rol oynadığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin partiyaya rəhbərliyindən sonra YAP yeni inkişaf mərhələsinə qədəm qoyub və 44 günlük Vətən müharibəsində əldə edilən qələbə partiyanın nüfuzunu daha da yüksəldib.
Laçın rayon ziyalısı,Partiya veteranı Murad Hüseynov isə çıxışında 1993–2003-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində fundamental dəyişikliklər baş verdiyini, "Əsrin müqaviləsi", Bakı–Tbilisi–Ceyhan layihəsi kimi nəhəng təşəbbüslərin gerçəkləşdiyini xatırladıb.
Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı Muxtar Həşimov Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi liderlik keyfiyyətlərindən danışaraq, bununla Ali Baş Komandanın ata vəsiyyətini yerinə yetirdiyini qeyd edib. O, bu zəfəri Azərbaycan tarixinin ən şanlı səhifəsi adlandırıb.
YAP Laçın rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədri Türkanə Nuruyeva çıxışında son illərdə Yeni Azərbaycan Partiyasında aparılan islahatların ölkədə partiya quruculuğu sahəsində əhəmiyyətli nəticələr verdiyini qeyd edib. O, Laçın rayon təşkilatının əldə etdiyi uğurları vurğulayaraq, rəhbəri olduğu Ərazi Partiya Təşkilatının fəaliyyət istiqamətləri və görülmüş işlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda YAP Laçın rayon təşkilatının fəaliyyətində fəallıq göstərən bir qrup partiya üzvünə Fəxri Fərmanlar təqdim olunub, partiyaya yeni qəbul edilən üzvlərə isə vəsiqələr verilib.
Yubiley tədbiri Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.