PDF Oxu

Siyasət

  • 1 814

Azərbaycan-Özbəkistan strateji işbirliyi: nümunəvi əməkdaşlıq modeli, təhlükəsizlik və inkişaf amili

image

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Həm dostluq, həm də müttəfiqlik ruhunda keçən bu səfər ikitərəfli münasibətlərin strateji səviyyəsini bir daha təsdiqləyir.

Daşkənd şəhərində 2024-cü il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu əlaqələrin hüquqi təməlini təşkil etməklə yanaşı, dövlətlərarası əməkdaşlığı yeni bir mərhələyə çıxarıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, son illərdə bu əlaqələr daha da dərinləşmiş və çoxşaxəli müstəviyə keçmişdir. Qarşılıqlı hörmət və etimad, siyasi dialoqun intensivliyi, tərəflərin milli maraqlarına qarşılıqlı həssas münasibət və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən birgə mövqe bu münasibətləri daha da gücləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistan əməkdaşlığı həmrəyliyə, qardaşlığa və ümumi mədəni köklərə əsaslanan nümunəvi bir model kimi təqdim olunur.
Dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Səfər zamanı Prezident İlham Əliyev bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondunun artıq praktiki olaraq layihələrlə təmin olunduğunu qeyd edib. 500 milyon dollarlıq nizamnamə kapitalına malik bu fond çərçivəsində energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı sahələrində 10-dan çox layihə razılaşdırılıb. Həmin fond təkcə iqtisadi layihələrin həyata keçirilməsi baxımından deyil, həm də Azərbaycan və Özbəkistanın regional iqtisadi inteqrasiyada fəal iştirakını təmin edən strateji platforma kimi çıxış edir. Qarşılıqlı sərmayələr ölkələrin iqtisadiyyatında dayanıqlı inkişafa, məşğulluğun artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır. Prezident İlham Əliyev qeyd edib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: “Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini ortaya qoyur. Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Avropaya çıxışı təmin edən Orta Dəhliz layihəsi bu sahədə ən aktual və gələcəyə yönəlik təşəbbüslərdəndir. Tərəflər nəqliyyat siyasətinin həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələndirilməsi barədə razılığa gəliblər. Azərbaycanın infrastruktur imkanları – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu bağlantıları və avtomobil yolları Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışı üçün önəmli qapıdır. Bu kontekstdə Azərbaycanda logistika mərkəzlərinin genişləndirilməsi və tranzit imkanlarının artırılması Özbəkistanla əməkdaşlığın real nəticələr verəcəyini göstərir. Dövlətimizin başçısı qeyd edib ki, biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq: “Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.
Özbəkistanın azad edilmiş ərazilərin bərpasına göstərdiyi dəstək qardaşlıq münasibətlərinin ən bariz ifadələrindəndir. Özbəkistanın təşəbbüsü ilə Füzuli rayonunda inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan məktəb Qarabağın sosial infrastrukturunun bərpasında xarici ölkə tərəfindən göstərilən ilk dəstək kimi tarixə düşüb. Bu məktəb təkcə bir təhsil müəssisəsi deyil, Azərbaycan–Özbəkistan dostluğunun təcəssümüdür. Bundan əlavə, Xankəndidə yaradılmış tikiş fabriki sosial-iqtisadi dirçəlişə töhfə verən ikinci mühüm layihədir. Hazırda 200-dən çox insanı işlə təmin edən bu müəssisə yaxın gələcəkdə daha geniş miqyas alacaq.
Bakının mərkəzində Özbəkistanın yeni səfirlik binasının açılışı və “Ağ şəhər” layihəsi çərçivəsində “Özbəkistan” parkının salınması mədəni və diplomatik münasibətlərin genişlənməsinin göstəricisidir. Təxminən 5 hektarlıq ərazidə inşa olunacaq park Özbəkistan mədəniyyətinin təzahürü olaraq dövlətlərarası qardaşlıq münasibətlərinin məkanı olacaq. Bu cür layihələr vətəndaşlar arasında təmasları artırmaqla yanaşı, turizmin inkişafına, mədəni əlaqələrin dərinləşməsinə təkan verəcək.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm elementlərindən biri də parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən işçi qruplar ikitərəfli hüquqi bazanın genişləndirilməsində və qanunvericilik sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycan–Özbəkistan münasibətləri sadəcə diplomatik müstəvidə deyil, çoxşaxəli və dərin bir əməkdaşlıq modelidir. İmzalanmış sənədlər, birgə fondlar, yeni layihələr və strateji planlar bu münasibətlərin gələcəkdə daha da güclənəcəyini göstərir.
İki qardaş ölkənin liderləri tərəfindən təməli qoyulan layihələr regional sabitlik və rifahın təmin olunmasında, Türk dünyasının inteqrasiyasında və beynəlxalq miqyasda ortaq maraqların müdafiəsində böyük əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan birgə iradə, qarşılıqlı etimad və strateji baxışla gələcəyə inamla addımlayır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Digər xəbərlər