PDF Oxu

Siyasət

  • 2 615

Azərbaycan – Özbəkistan münasibətləri sabitlik və inkişafın yeni modelidir - ŞƏRH

Azərbaycan – Özbəkistan münasibətləri sabitlik və inkişafın yeni modelidir - ŞƏRH

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Resbuplikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşlər və mətbuata verdiyi bəyanatlar, iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu göstərdi.

Prezident İlham Əliyevin çıxışı təkcə diplomatik nəzakət deyil, həm də konkret siyasi iradənin və çoxşaxəli əməkdaşlıq planlarının ifadəsi idi.

Azərbaycan Prezidenti cənabİlham Əliyev bəyanatında bildirdi ki, Azərbaycan və Özbəkistan artıq bir ildir ki, rəsmi şəkildə müttəfiq ölkələr statusuna malikdirlər. 2022-ci ildə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Bəyannamə” bu əməkdaşlığın hüquqi əsasını təşkil edir. Lakin bu sənəd sadəcə rəsmi status deyil, eyni zamanda real əməkdaşlığa keçid üçün əsas hədəf rolunu oynayır. Prezidentin sözlərinə görə, bu gün iki ölkə arasındakı münasibətlər siyasi, iqtisadi, ticari, humanitar, nəqliyyat və enerji sahələrində ciddi tərəqqi göstərir.

Xüsusilə, iqtisadi əlaqələrə toxunan İlham Əliyev bildirdi ki, artıq ondan çox birgə layihə investisiya mərhələsindədir. Özbəkistan və Azərbaycanın ortaq investisiya fondu 500 milyon dollar məbləğində maliyyə ilə təmin olunub və bu fond vasitəsilə irimiqyaslı iqtisadi təşəbbüslər reallaşdırılacaq. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri arasında iqtisadi körpünün qurulması deməkdir. Dövlət başçısı, eyni zamanda sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və turizm kimi sahələrdə birgə əməkdaşlığın dərinləşdirildiyini də qeyd etdi.

Cənab Prezident çıxışında idman sahəsindəki uğurlara da toxundu. O, Özbəkistan milli futbol komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmasını təbrik edərək bildirdi ki, bu uğur ölkənin gənclərə və idmana verdiyi əhəmiyyətin nəticəsidir. Eyni zamanda, bu nümunə Azərbaycanın da gənclərlə bağlı siyasətinə uyğunluq təşkil edir və iki ölkənin bu sahədə də təcrübə mübadiləsi aparması üçün zəmin yaradır.

Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri də siyasi iradənin qətiyyətidir. O qeyd etdi ki, iki ölkə rəhbərlərinin münasibətlərə verdiyi dəyər və göstərdiyi siyasi iradə sayəsində əməkdaşlıq real nəticələr verir. Bu, sadəcə sənədlərdə deyil, həyata keçirilən layihələrdə və əməkdaşlıq mexanizmlərində də öz əksini tapır.

Sonda İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycana səfərinin dostluq, qarşılıqlı etimad və səmərəli tərəfdaşlıq ruhunda keçdiyini qeyd etdi və bu səfərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini vurğuladı. Prezidentin bəyanatı, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız diplomatik əlaqələrlə kifayətlənmədiyini, əksinə regional sabitlik və inkişaf üçün strateji əməkdaşlıq modelinə çevrildiyini nümayiş etdirdi.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər