PDF Oxu

Siyasət

  • 3 516

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər - ŞƏRH

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər - ŞƏRH

Tarixən Azərbaycan və özbək xalqları arasında sıx tarixi-mədəni və sosial-siyasi əlaqələr mövcud olmuşdur. Ortaq ədəbi-mədəni, etnoqrafik, bədii-estetik və digər humanist dəyərlər bu iki xalqı həmişə birləşdirmiş, türk dünyası içərisində özünəməxsus mövqe qazandırmışdır. Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələnmişlər. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında və əbəbiyyatşünaslığında Nizami ənənələri xüsusi rol oynamışdır. Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. 1996-1997-ci illərdə hər iki ölkə arasında münasibətlərin strateji istiqamətlərinin müəyyənləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Bugün isə ölkəmiz strateji tərəfdaşı kimi Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir.
Prezident İlham Əliyev də Özbəkistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Birinci dəfə Prezident seçiləndən sonra ilk səfərlərindən birini məhz bu ölkəyə etməsi bunu isbatlayır. Onun 2004-cü il martın 23-24-də Özbəkistana səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.
Bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriyyəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib.
2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.
Bu gün özbək xalqı ilə ölkəmiz arasında dostluq və qardaşlıq simvoluna çevrilmiş Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq işğaldan azad edilmiş Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına tam orta ümumitəhsil məktəbidir. Bu təhsil ocağı hər iki xalqın qədim və zəngin tarixini, keçmişini və mədəniyyətini özündə qoruyub saxlayacaq, dostluq və qardaşlıq mirasını gələcək nəsillərə ötürəcəkdir.
Münasibətlərdə əlamətdar dönüş nöqtələrindən biri 2024-cü il avqustun 23-də baş verdi. Həmin tarixdə Daşkənddə keçirilən rəsmi mərasimdə dövlət başçısı İlham Əliyev və Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladı. Bu sənədlə iki ölkə rəsmi olaraq müttəfiq statusuna keçdi.
Əminik ki, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

Aytac Abbasova
YAP Laçın rayon təşkilatının 51 saylı ƏPT-nin sədri

Digər xəbərlər