PDF Oxu

Siyasət

  • 2 255

Bu gün Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılması günüdür - ŞƏRH

Bu gün Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılması günüdür - ŞƏRH

Məlum olduğu kimi, 2007-ci il 24 avqust tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub. Qeyd edək ki, 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı dövlətçilik ənənələrinin beynəlxalq müstəvidə təzahür etdiyi simvolik gündür. Bu tarix milli maraqların qorunması, hüquqi-siyasi suverenliyin beynəlxalq aləmdə təşəkkülü və diplomatiyanın institusional formalaşmasının rəmzi kimi çıxış edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və çoxvektorlu xarici siyasət kursu nəticəsində ölkəmiz qlobal və regional güc mərkəzləri ilə balanslı əməkdaşlıq modeli qurur, diplomatik xidmət isə milli maraqların qlobal tribunalarda müdafiəsində çevik və səmərəli vasitəyə çevrilir.

Yeri gəlmişkən, Azərbaycanın diplomatik xidməti 1919-cu il iyulun 9-da yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri 1918-ci ildə təyin olunsa da, diplomatiya günü ilə bağlı rəsmi sənəd bir il sonra Xarici İşlər Nazirliyinin katibliyinə dair ilk müvəqqəti təlimatın imzalanması ilə rəsmiləşib. Bu tarixin bayram günü kimi seçilməsi Osmanlı imperiyası ilə imzalanan ilk müqavilə, Paris Sülh Konfransında dövlət müstəqilliyinin de-fakto tanınma günü və s. nəzərdən keçirildikdən sonra qərarlaşdırılıb. 1919-cu ildə Azərbaycan diplomatiyası ilk strukturlaşmış fəaliyyətinə başlayanda Bakıda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran və digər dövlətlərin 16 diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi de-fakto tanındıqdan sonra Qərbi Avropa və Amerikada diplomatik təmsilçiliklərin təsis edilməsi məqsədilə qanun layihəsi hazırlanıb. AXC dövründə XİN sistemində 239 nəfər çalışıb, Gürcüstan, Ermənistan, İran, İstanbul, Ukrayna, Krım, Kuban, Don, Petrovsk və İrkutskda diplomatik nümayəndəliklər və konsulluqlar açılıb. Azərbaycanın ilk XİN rəhbəri Məmmədhəsən Hacınskidir, daha sonra Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmməd Cəfərov bu vəzifəni icra etmişlər. 1920-ci ilin aprelində AXC süqut etdikdən sonra XİN ləğv olunmuş, Xalq Xarici İşlər Komissarlığı yaradılmışdır. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 nömrəli əmri ilə birinci bəndə əsasən Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin fəaliyyəti dayandırılmışdır.

Müstəqilliyini 1991-ci ildə bərpa edən ölkəmiz beynəlxalq hüququn subyekti kimi BMT və dünya dövlətləri tərəfindən tanınıb. 2007-ci il 24 avqust tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla 9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub. Bu il iyulun 7-də diplomatik xidmət orqanlarının rəhbərlərinin "Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar" mövzusunda IX müşavirəsi öz işinə başlayıb. Müşavirədə qeyd olunub ki, Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə Xankəndi şəhərində xüsusi sessiya keçiriləcək. Sessiya Qarabağda davamlı sülh və regional əməkdaşlığın inkişafına dövlətin verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilir. 106 yaşlı Azərbaycan diplomatiyası bu gün parlaq dövrünü yaşayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan xarici siyasət kursu milli maraqlara söykənir və davamlı sabitlik, strateji tərəfdaşlıq və multilateral əməkdaşlıq prinsiplərinə əsaslanır. Ölkə başçımız bu il yanvarın 1-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2024-cü ilin uğurla başa çatdığını, ölkənin beynəlxalq nüfuzunun xeyli artdığını və sabitliyin təmin edildiyini bildirdi: "Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib". Ali rəsmilər Azərbaycanı aparıcı beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edən, BMT Təhlükəsizlik Şurasında iki dəfə sədrliyə layiq görülən etibarlı tərəfdaş kimi təqdim ediblər: "Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar". Dövlət başçısının bu fikirlərindən yola çıxaraq demək olar ki, qazanılan bütün nailiyyətlərin əsasında milli maraqları əsas tutan uzaqgörən diplomatiya dayanır.

Onu da qeyd edək ki, Azərbaycan bir çox təşkilatlarda, o cümlədən BMT çərçivəsində fəal iştirak edir və regiondakı yeni reallıqlar beynəlxalq müstəvidə öz təsdiqini tapıb. Paralel olaraq, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri olmuş ölkəmizin sədrlik müddəti bir il də uzadılıb. Pandemiya dövründə cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə QH çərçivəsində koronavirusa qarşı qlobal səylərin səfərbər olunması üçün onlayn sammit təşkil olunub və 70-dən çox dövlət başçısının iştirakı ilə BMT-də xüsusi sessiya keçirilib. Bakı 2026-cı ildə İƏT-ə (İslam Əməkdaşlıq Təşkilatı) sədr ölkə olacağını açıqlayıb və bu mühüm rola hazırlıq görür. XİN başçısı Ceyhun Bayramov mart ayında Mərakeşdə keçirilən fövqəladə İƏT Zirvə Toplantısında ölkəmizin gələcək sədrliyini, Fələstin məsələsi ilə bağlı humanitar dəstəyini və Suriyanın bərpasına yönələn təşəbbüslərini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan növbəti illərdə İƏT çərçivəsində məcburi köçkünlər və qaçqınlarla bağlı təşəbbüslərlə çıxış edəcək, qardaş İslam ölkələrinə köməyi davam etdirəcək. Eyni zamanda, ölkəmiz Suriya hökumətinin İƏT-ə qayıtmasını alqışlayaraq həmin ölkənin suverenliyinin bərpasına dəstək verəcəyini bəyan edib. Bu, Azərbaycan diplomatiyasının müsəlman dünyası ilə ikitərəfli əlaqələri genişləndirmək və beynəlxalq problemlərin həllində fəal iştirak etmək səylərindən xəbər verir. Türk dünyası ilə əməkdaşlıq Azərbaycan xarici siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Türk dünyası bizim ailəmizdir" və Azərbaycan dost, qardaş ölkələrlə siyasi, iqtisadi, nəqliyyat və mədəni sahələrdə əlaqələri genişləndirir. Ötən il Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu fikri təsdiqləyir. TDT çərçivəsində keçirilən qeyri-rəsmi zirvə toplantısında Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər üzv ölkələrlə nəqliyyat, kommunikasiya və iqlim kimi strateji sahələrdə yeni əməkdaşlıq təşəbbüsləri müzakirə olunub. Bu görüşlərdə verilən qərarların Türk dövlətlərini gücləndirəcəyi və əməkdaşlığı daha da dərinləşdirəcəyi bildirilib. Ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə çıxış edən Prezident Əliyev xatırladıb ki, Naxçıvan Sazişinin 15-ci ildönümü vaxtında bu təşkilat uğurla inkişaf edib. Dövlət başçısı Şuşada imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığı daha da gücləndirəcəyini, TDT-nin regional inteqrasiyada vacib rol oynayacağını vurğulayıb. Cənab İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan təşkilatın strukturunda islahatlar aparılmasına, sahəvi əməkdaşlıq işlərinə yeni təşəbbüslər verməyə hazırdır və bütün bunlar Türk dünyası ilə əlaqələri intensivləşdirməyə xidmət edəcək. Bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü "Şərq və Qərbin görüş nöqtəsi" devizi altında baş tutdu.

Azərbaycanın regional inteqrasiya və çoxşaxəli əməkdaşlıq strategiyasında İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) xüsusi önəm daşıyır. Təşkilat Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu oynayan ölkələri birləşdirərək enerji, nəqliyyat, ticarət və sosial sahələrdə əməkdaşlığın inkişafına xidmət edir. ECO-dakı fəallıq geniş regional və beynəlxalq siyasət kursunun tərkib hissəsi kimi milli maraqların müdafiəsini, iqtisadi dayanıqlılığın təminatını və nəqliyyat-kommunikasiya dəhlizlərinin optimallaşdırılmasını təmin edir. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü Azərbaycanın bu istiqamətdəki mövqeyinin yeni səviyyəyə yüksəldiyini nümayiş etdirdi. Görüşdə iştirak edən üzv dövlətlərin rəhbərləri regional əməkdaşlığın gücləndirilməsi, sərhədyanı infrastrukturun inkişafı, enerji təhlükəsizliyi və regional sülhün təmin olunması kimi strateji məsələlərdə birgə irəliləyişlərə dair mühüm qərarlar qəbul etdilər. Xankəndi Kommunikesində isə təşkilatın gələcək prioritetləri və qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması barədə ümumi razılıq ifadə olundu. Bütün bunlar Azərbaycan dövlətinin uzaqgörən, çoxvektorlu xarici siyasətinin və regional əməkdaşlıq platformalarında fəal iştirakının nəticəsidir. Xankəndi görüşü və ECO ilə bağlı qəbul olunmuş Kommunike Azərbaycanın Cənubi Qafqazda sülh və tərəqqiyə yönəlmiş strateji kursunu möhkəmləndirdi və iqtisadi diplomatiyanın inkişafında yeni mərhələ açdı.

Azərbaycan beynəlxalq məhkəmələrdə də öz mövqeyini müdafiə edir. Məsələn, 2021-ci ildə BMT-nin İnsan Haqları üzrə Konvensiyası (CERD) çərçivəsində həm Azərbaycan, həm də Ermənistan beynəlxalq məhkəmədə qarşılıqlı iddialar qaldırıblar. 2024-cü il noyabrın 12-də Beynəlxalq Məhkəmə (ICJ) bu iki dövlətin iddialarını dinləmək üçün öz ixtiyarının olduğunu təsdiqlədi. Məhkəmə prosesləri beynəlxalq hüquq konvensiyalarından yararlanaraq Azərbaycanın haqqını müdafiə etmək səylərinin göstəricisidir. Eyni zamanda, Azərbaycan qonşu dövlətlərlə sərhəd mübahisələrini beynəlxalq razılaşmalar çərçivəsində həll etməkdə israrlıdır. Vətən müharibəsində qazanılan qələbələrdən sonra diplomatik danışıqlar daha da fəallaşıb. Ermənistan son dörd ildə baş verən hadisələrin təsiri ilə dörd Qazax kəndini Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Bu, ərazimizə vurulan zərbənin leqal həlli istiqamətində aparılan uğurlu siyasətin nəticəsidir. Bütün proseslər Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqları beynəlxalq platformalarda təsdiqləyib və artıq bütün dünya bu reallıqları qəbul edib. Diplomatik cəbhədə ölkəmiz regiondakı sabitliyin bərqərar olması üçün sülh danışıqları aparır, məcburi köçkünlərin qayıtmasını və ərazilərdə yenidənqurma işlərini prioritet hesab edir. Son illərin nailiyyətləri Azərbaycana həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini qazandırıb. Təkcə 2023-cü ildə Prezident İlham Əliyev 17 ölkəyə dövlət və rəsmi səfərlər edib, ikitərəfli münasibətləri möhkəmləndirib. Ölkə başçısının rəhbərliyi ilə aparılan milli maraqlara söykənən xarici siyasət kursu diplomatik xidmət orqanlarının nailiyyətlərini daha da artırıb. Azərbaycan bütün beynəlxalq tribunaslarda mövqeyini gücləndirərək regionda sabitlik və əməkdaşlıq modeli təklif edir.

Ən əsası, 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə ölkəmizin əldə etdiyi beynəlxalq uğurları qeyd etmək xüsusilə vacibdir. Beynəlxalq təşkilatlarla, qonşu ölkələrlə əməkdaşlıq, zəfər sonrası reallıqların qəbul etdirilməsi və qlobal təşəbbüslərdə fəal rol sayəsində Azərbaycan indi etibarlı tərəfdaş kimi tanınır.

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər