Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən azərbaycanlı diaspor nümayəndələrinin geniş tərkibli videokonfransı baş tutub. SİA xəbər verir ki, İsveç Krallığın və Azərbaycan Respublikasının Dövlət Himnləri ilə açılan görüşdə əsas diqqət təşkilati islahatlara, struktur dəyişikliyinə və gələcək fəaliyyət istiqamətlərinə yönəlib.Toplantının ən mühüm nəticələrindən biri İsveçin müxtəlif şəhərlərində fəaliyyət göstərən 20 Azərbaycan dərnəyinin bir araya gələrək vahid qurum – SAF (İsveç Azərbaycan Federasiyası) daxilində birləşməsi və Sevda Dadaşova ilə Kəmalə Nəbiyevanın həmsədr seçilməsi olub. Bu addım diaspor təşkilatlarının fəaliyyətinin daha koordinasiyalı, sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edir.Toplantı çərçivəsində yeni idarə heyəti seçilib, həmçinin Federasiya daxilində 7 funksional şöbə yaradılıb: iqtisadiyyat, mədəniyyət, idman, hüquq, media və kommunikasiya, səhiyyə, inzibati şöbələr.Federasiya müxtəlif layihələr vasitəsilə İsveçdəki Azərbaycan icmasının birliyini gücləndirməyə çalışır.Görüş zamanı 2026-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulan layihələr üzrə ilkin ideyalar da irəli sürülüb. Əsas prioritetlər arasında Azərbaycan mədəniyyətinin İsveç cəmiyyətinə tanıdılması, gənclərin diaspor fəaliyyətlərinə daha fəal cəlb olunması və Azərbaycan dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi yer alır.