“Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin foto şəkillərindən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbiri giriş nitqi ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, 1969-cu il 14 iyul Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. Çünki həmin tarixdən başlayaraq dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində ölkəmiz sürətlə inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Məruzə nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında qeyd edib ki, “Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Dünya azərbaycanlılarının Lideri Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər yalnız vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib, hətta həyatını belə qurban verməkdən çəkinməyib. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.