"Suriya prezidentinin və nümayəndə heyətinin Bakıya rəsmi səfəri regionda diqqət çəkən geosiyasi hadisələrdən biri oldu. Görüş zamanı Azərbaycan qazının Suriyaya, daha sonra isə İordaniya və Misirə qədər ötürülməsi ideyasının müzakirəyə çıxarılması, həm iqtisadi, həm də strateji baxımdan çoxşaxəli nəticələr doğura biləcək bir təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, bu marşrutun reallaşması ilk növbədə Azərbaycanın enerji ixrac xəritəsində ciddi bir genişlənməni ehtiva edir. Ənənəvi olaraq Avropa bazarına yönəlmiş ixrac siyasətimiz Yaxın Şərqə doğru genişlənərsə, ölkəmiz yalnız tədarükçü deyil, həm də regionlararası enerji körpüsü rolunu oynamağa başlayacaq: "Təklif olunan bu enerji xətti bir sıra mühüm üstünlüklər və çağırışlar doğurur. Üstünlüklərə gəldikdə, Azərbaycan yeni bazarlara çıxmaqla öz qaz ehtiyatlarını daha rəqabətli şəkildə dəyərləndirə bilər. Bu, enerji gəlirlərinin artmasına və valyuta axınının güclənməsinə şərait yaradacaq. Eyni zamanda, bu əməkdaşlıq Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni bir siyasi və iqtisadi əməkdaşlıq platformasının formalaşmasına yol aça bilər.Digər tərəfdən, layihənin reallaşması bir sıra riskləri də gündəmə gətirir. Suriya ərazisindəki davamlı hərbi-siyasi qeyri-sabitlik boru kəmərinin təhlükəsizliyinə təhdid yarada bilər. Eyni zamanda, Suriyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar və bəzi Qərb dairələrinin bu cür əməkdaşlığa mənfi yanaşması layihənin qarşısında əlavə maneələr yarada bilər. Bu kontekstdə Azərbaycan tərəfinin atacağı diplomatik addımlar xüsusi əhəmiyyət daşıyır. Əgər proseslər düzgün şəkildə idarə olunarsa, bu təşəbbüs Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər. Yaxın Şərq bazarına çıxış yalnız iqtisadi dividentlərlə məhdudlaşmayacaq, həm də Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək".
Müəllif: Ziya Hikmətoğlu