Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə – Füzuliyə və Şuşaya səfəri həyata keçirilən işlərin keyfiyyət və sürətlə reallaşmasının göstəricisidir.
Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və Türkmənistan arasında formalaşan yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Dövlət başçılarının bir-birinə hörməti, daim aktual siyasi məsələlərdə koordinasiyalı yanaşmaları münasibətlərin əsasını təşkil edir. Hər iki dövlət həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyərək ortaq maraqlar naminə birgə fəaliyyət göstərirlər. Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna səfəri əlaqələrin dinamik inkişafına söykənir.
FÜZULİ BAŞ PLANA UYĞUN QURULUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. Qonaq şəhərin Baş planı ilə tanış olub. 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib. Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur. Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, şəhər parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək. Baş plana əsasən, uşaq bağçaları və məktəblər kimi sosial infrastruktur obyektləri müvafiq olaraq 300 və 500 metrlik məsafədə yerləşəcək. Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək.
Xatırladaq ki, dövlətimizin başçısı Füzuli şəhəri və rayon kəndləri azad olduqdan sonra bir neçə dəfə oraya səfər edib. "Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq", - deyə dövlət başçımız çıxışlarının birində bildirib. "Qarabağın hava qapısı" adlandırılan və cəmi 9 ayda inşa edilən Füzuli Beynəlxalq Hava Limanı abadlıq və quruculuq işlərinin ən gözəl nümunələrindəndir. Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.
İYİRMİ ÜÇ BİNADAN İBARƏT YAŞAYIŞ KOMPLEKSİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
ZƏFƏR GÜNÜNÜ SİMVOLİZƏ EDƏCƏK YENİ ŞUŞA MƏSCİDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar. Ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan bu binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Yaradıcılıq Mərkəzi 2023-cü il mayın 10-da istifadəyə verilib.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.
Qeyd edək ki, 1969-cu ildən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Dahi şəxsiyyət mürəkkəb tarixi şəraitdə belə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu ildə Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağın digər rayonlarımızla təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsi baxımından Ulu Öndərin strateji addımı olmaqla yanaşı, həm də böyük tarixi xidməti idi.
ŞUŞANIN ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR
Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, islam dünyasının eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiqdir. Milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" elan olunması islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi idi və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynamış oldu.
Şuşada dini abidələrə dövlətimiz tərəfindən diqqətlə yanaşılır. Ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə yeni həyat verilir. Şuşada Mamayı məscidinin bərpadan sonra açılışı bunun göstəricilərindən biridir. Heydər Əliyev Fondunun "PAŞA Holdinq"in dəstəyi ilə məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılmışdı. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. İşğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Şuşa səfəri çərçivəsində Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Bülbülün ev-muzeyində də olublar. Bildiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.
Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
Böyük Qayıdış çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda çox böyük infrastruktur layihələr icra olunur, şəhərlər və kəndlər yenidən salınır, yollar çəkilir, dayanıqlı məskunlaşma üçün nəhəng işlər həyata keçirilir. Keçmiş məcburi köçkünlər, erməni işğalı nəticəsində əziyyət və yurd həsrəti çəkmiş insanlar öz dədə-baba yurdlarına qayıdırlar. Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb. Bütün bunlar keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtmalarına imkan verir.
Zümrüd BAYRAMOVA