Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar “Atakişili kənd 3” ərazi partiya təşkilatında tədbir keçirilib.Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Dövlət başçımızın həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Ümummilli Lider Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.
O da qeyd olunub ki, hazırda rayon təşkilatının 50 ərazi partiya təşkilatı üzrə 10091 nəfər üzvü var.
“Atakişili kənd 3” ərazi partiya təşkilatının sədri Elşən Cəbrayılov, Dövlət Aqrar İnkişaf Mərkəzində bitki mühafizə mərkəzinin aqronomu Piralı Quliyev, Bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov bildiriblər ki, YAP sıralarının gündən-günə artması, sosial bazasının daha da möhkəmlənməsi Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsidir.