22 iyul – Azərbaycanda Milli Mətbuat Günüdür. Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1875-ci il tarixi milli mətbuatımızın yarandığı gün kimi qəbul olunur. Azərbaycanda Milli Mətbuat Günü 1991-ci ildən etibarən rəsmi şəkildə qeyd edilir. “Əkinçi” qəzetinin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının formalaşması və inkişafında əvəzsiz rolu olmuşdur. Qəzetdə elm, maarif və mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafı, eləcə də yeni tipli məktəblərin yaradılmasının zəruriliyi ilə bağlı məqalələr dərc olunurdu. Qəzetin ən böyük uğurlarından biri də onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən inkişafı uğrunda var gücü ilə çalışan “Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. Qəzetin insanların maariflənməsində və ictimai-siyasi proseslərə təsir gücünə malik olmasından çəkinən Çar Rusiyası onun nəşrini dayandırmışdı. O vaxtdan bəri müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Azərbaycan mətbuatının inkişafı xalqını, millətini və dövlətini canından artıq sevən Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin əsasını qoydu. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatından dövlət senzurasını ləğv etdi. Bununla da ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına güclü təkan verdi. Ulu Öndər mətbuatın inkişafına mane olan süni əngəllərin aradan qaldırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və mühüm qərarlar qəbul etdi. Bu gün də Azərbaycanda mətbuatın davamlı inkişafı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təmin edilir və daim diqqət mərkəzində saxlanılır. Kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması hər zaman dövlət başçısının qayğısı ilə əhatə olunub. Məhz bu qayğının və inkişafın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı düşmənin apardığı informasiya təbliğatına layiqli cavab verə bildi. Bu gün də Azərbaycan mediyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fikirlərini, bəyanatlarını və işğaldan azad olunmuş ərazilərimizdəki həqiqətləri həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırmaqda fəal rol oynayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan mediası artıq öz əsas istiqamətini müəyyənləşdirib və bu yöndə peşəkar şəkildə fəaliyyətini davam etdirir.
Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Minkənd kənd tam orta məktəbin tarix müəllimi