Azadlıq, müstəqil dövlətçilik xalqlara qızıl xonçada verilmir. Azadlığı və müstəqil dövlətçiliyi xalqlar özləri qazanırlar. Bu yolda xalqlar çoxsaylı qurbanlar da verir. Hansı xalq məqsəd və hədəfindən yayınmayıbsa, o xalq dünya dövlətləri sırasında layiqli yer tutmağı bacarıb, zəif və qətiyyətsiz xalqlar milli varlığından məhrum olublar. Xoşbəxt xalqlardanıq ki, dünya dövlətləri arasında Azərbaycan adlı dövlətimiz var və bu dövlət siyasi, hərbi, iqtisadi, diplomatik uğurları ilə seçilən və tanınan dövlət olaraq qəbul edilir. Ən başlıcası isə biz bir millət olaraq tarixin müxtəlif dövrlərin işğallara məruz qalıb, təzyiq və təhdidlər altında olsaq da heç zaman ən böyük sərvətimiz olan Azərbaycan dilini unutmamışıq. İşıqlı insanlarımız, dahi şair və yazıçılarımızın fədakarlığı və xalqının irsinə bağlı olması dilimizin yaşamasına səbəb olmuşdur. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əfzələddin Xəqani və digər böyük dahilərimiz zəngin və qədim dil olan Azərbaycan dilində dünyaya səs salan əsərlər yazıblar. Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi 1875-ci ildə ilk Azərbaycan dilli qəzet olan "Əkinçi" qəzetində yazırdı: “Xalqı oyanışa aparacaq tək yol, öz dilində yazıb oxumaq, özünü tanımaqdır”.
Bəli, işıqlı, maarifpərvər ziyalılarımızın, dünyaşöhrətli şair və yazıçılarımızın öz soyuna, kökünə, milli varlığına hədsiz şəkildə bağlı olması Azərbaycan dilinin yaşamasına və dünya xalqlarının dillər qrupunda özünəməxsus yer tutmasına imkanlar qazandırdı.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”
Birmənalı şəkildə qeyd etmək olar ki, müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər birliyi dövründə Azərbaycan Respublikasının rəhbəri olarkən Ulu Öndərimiz Heydər Əliyev dilimizin qorunub, saxlanması inkişaf etdirilməsi, xalqın milli birliyinin möhkəmlənməsi və digər vacib məsələlərə xüsusi önəm vermişdir. Sovetlər birliyi respublikaları arasında ilk dəfə olaraq Dahi Öndərimiz Heydər Əliyevin böyük zəhməti hesabına 21 aprel 1978-ci il tarixdə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilmişdir. Konstitusiyaya milli maraqlarımız əks etdirən müddəaların salınması məhz Ulu Öndərimiz tərəfindən həyata keçirilmişdir. Ən vacib və əhəmiyyətli məsələ isə Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddənin daxil edilməsidir.
Azərbaycan SSR-in Konstitusiyasına 73-cü maddənin daxil edilməsi Ulu Öndərimizin ana dilinin qorunub, saxlanması və inkişaf etdirilməsinə əhəmiyyətli önəm verməsi idi. Ulu Öndərimiz Heydər Əliyev çıxışlarının birində qeyd etmişdir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir: “Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Ulu Öndərimiz Heydər Əliyev çıxışlarının birində dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsi barədə demişdir: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır”.
Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir
Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı fərmanlar, sərəncamlar və tövsiyələri əsasında dünya azərbaycanlılarının bir məfkurə, bir bayraq altında birləşməsi istiqamətində mühüm və ardıcıl işlər həyata keçirilmişdir. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir: “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyev bu sahədə dövlət siyasətinin sistemli həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.
Yeni və qüdrətli Azərbaycanın qurucusu
Xoş hisslər yaradan və qürur doğuran hal ondan ibarətdir ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət, yarımçıq qalan işləri Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 22 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində isə məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Milli dövlət ideologiyası olan azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni kimliyini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir.
Azərbaycanın inkişafının yeni dövrü başlayır
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində nəinki Azərbaycanda, ümumiyyətlə dünyanın müxtəlif bölgələrində böyük təntənəli şəkildə tədbirlərin, yığıncaqların keçirilməsi, sərgilərin təşkil olunması, filmlərin nümayiş etdirilməsi xalqın Dahi Öndərimiz Heydər Əliyevə olan əbədi sevgisinin, ən bariz təcəssümüdür. Dünya azərbaycanlıları 2023-cü ili Dahi Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi. Bununla da dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaq Ulu Öndərimiz Heydər Əliyevə öz minnətdarlıq borclarını yerinə yetirmiş oldular. Qətiyyətlə demək olar ki, bu ideologiya heç bir zaman sarsılmayacaq. Nə qədər Azərbaycan dövləti və xalqı var, azərbaycançılıq ideologiyası da var olacaq. Çünki bu ideologiyanın əsasını Ulu Öndərimiz Heydər Əliyev qoyub. Məhz əsası qoyulan bu ideologiya sayəsində dünya azərbaycanlıları birləşməyi bacarıb. Bu birlik Azərbaycan xalqının böyüklüyünü göstərir. Birlik və həmrəylik hesabına 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş ərazilərimizi azad edildi. Bu gün artıq Qarabağ münaqişəsi adlı problem mövcud deyil. Azərbaycan öz gücünə və qüdrətinə ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
İLHAM ƏLİYEV