22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının milli oyanış və istiqlal mübarizəsinin rəmzlərindən biri olan “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Həsən bəy Zərdabinin 1875-ci ildə çap etdirdiyi “Əkinçi” qəzeti, milli mətbuatımızın təməl daşını qoymaqla yanaşı, həm də maarifçilik ideyalarının, ictimai tərəqqinin və azad fikrin carçısına çevrildi. Milli mətbuat tariximiz yalnız informasiya yayımı ilə məhdudlaşmayıb, həm də xalqın azadlıq arzularının, milli kimliyinin və mədəni-mənəvi dəyərlərin ifadə vasitəsi oldu. “Əkinçi” dən başlanan bu yol sonralar “Ziya”, “Kəşkül”, “Həyat”, “İrşad” kimi mətbuat nümunələri ilə davam etdirildi. XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının satirik dili ilə despotizmlə mübarizəsi, cəmiyyətin qüsurlarını ifşa etməsi milli mətbuatın tənqidi və maarifləndirici funksiyalarını ön plana çıxardı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat tamamilə azad şəkildə fəaliyyət göstərdi və bu dövrdə nəşr olunan qəzet və jurnallar milli dövlətçilik ideyalarının təşviqində əhəmiyyətli rol oynadı. Sovet dövründə senzura və ideoloji nəzarət mətbuatın azad inkişafına mane olsa da, bir çox jurnalist və yazıçı xalqın yaddaşında milli ruhun yaşadılması üçün qələmindən istifadə etdi. Müstəqillik dövründə isə milli mətbuatımız tamamilə yeni mərhələyə qədəm qoydu. Plüralizm, söz və fikir azadlığı prinsipləri əsasında fəaliyyət göstərən müstəqil qəzet və internet resursları milli-mənəvi dəyərlərin qorunmasına, ictimai nəzarətin güclənməsinə və demokratik cəmiyyətin formalaşmasına xidmət etməyə başladı.
Milli mətbuat tariximizdən keçən bu şərəfli yol bizə göstərir ki, azadlıq, müstəqillik və demokratiya kimi ali ideallar yalnız siyasi və hərbi mübarizə ilə deyil, həm də sözün gücü, qələmin qüdrəti ilə gerçəkləşir. Bu baxımdan, mətbuat orqanları xalqın vicdanı, düşüncəsi və haqq səsinin ifadə olunduğu tribunadır. Bu gün Azərbaycan mətbuatı yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də informasiya savaşında mühüm yer tutur. Milli maraqların müdafiəsində, həqiqətlərin çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Ona görə də 22 İyul yalnız peşə bayramı deyil, həm də milli yaddaşın və söz azadlığının bayramıdır.
Şamama Əmirova
YAP Laçın rayon təşkilkatının 35 saylı ƏPT nin sədri
Laçın rayon 10 № li tam orta məktəbin direktoru