PDF Oxu

Siyasət

  • 1 348

III Qlobal Media Forumu: Azərbaycanın diplomatik uğuru

image

Azərbaycanın müasir tarixində daha bir əlamətdar hadisə baş verdi – 19 iyul 2025-ci il tarixdə Xankəndidə keçirilən III Qlobal Media Forumu ölkəmizin informasiya müstəqilliyinin və beynəlxalq mətbuat məkanında artan nüfuzunun parlaq təzahürünə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan bu mötəbər tədbir, Azərbaycanın həm siyasi, həm də informasiya sahəsində yeni mərhələyə qədəm qoyduğunu dünyaya nümayiş etdirdi.

Əvvəllər düşmən tərəfindən işğal altında olan Xankəndidə ilk dəfə bu səviyyədə beynəlxalq media forumunun keçirilməsi, əslində, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təntənəsidir. Bu, təkcə simvolik deyil, həm də siyasi və strateji məna daşıyan hadisədir. Artıq Xankəndi təkcə tariximizin ağrılı səhifəsi deyil, həm də qlobal dialoq, informasiya təhlükəsizliyi və media azadlığı üçün yeni bir mərkəzə çevrilməkdədir.

Prezident İlham Əliyevin forumda iştirak etməsi və dünya mediasının aparıcı nümayəndələrinin suallarını birbaşa cavablandırması bir daha sübut etdi ki, Azərbaycan dövləti şəffaflığa, açıq dialoqa və beynəlxalq əməkdaşlığa sadiqdir. Bu çıxış təkcə daxili auditoriyaya deyil, həm də qlobal ictimaiyyətə ünvanlanan güclü bir mesaj idi: Azərbaycan müasir dünyanın çağırışlarına cavab verməyə qadir, informasiya siyasətində prinsipial və təşəbbüskar bir dövlətdir.

III Qlobal Media Forumu, ölkəmiz üçün yalnız informasiya müzakirəsi deyil, həm də diplomatik uğur idi. Müxtəlif qitələrdən gəlmiş yüzlərlə jurnalist və media mütəxəssisi işğaldan azad edilmiş torpaqlarımızda real vəziyyəti, quruculuq və bərpa proseslərini yerində gördülər. Bu isə dezinformasiyaya qarşı mübarizədə faktlara əsaslanan bir mövqe deməkdir.

Forumda toxunulan məsələlər – informasiya təhlükəsizliyi, dezinformasiyanın qlobal təsirləri, süni intellektin medianın gələcəyinə təsiri və jurnalistikanın etik prinsipləri – Azərbaycan üçün olduqca aktualdır. Çünki bu gün ölkəmiz yalnız silahla deyil, eyni zamanda informasiya müstəvisində də öz suverenliyini qoruyur və müdafiə edir.

Forum çərçivəsində yaradılan əlaqələr və aparılan diskussiyalar onu göstərdi ki, Azərbaycan beynəlxalq media ilə əməkdaşlığa açıqdır. Amma bu əməkdaşlıq birtərəfli deyil – biz artıq informasiya istehlakçısı yox, informasiya siyasətini formalaşdıran və qlobal gündəmə təsir edən bir ölkəyə çevrilmişik.

Azərbaycan jurnalistlərinin peşəkarlığı, medianın modernləşməsi və informasiya təhlükəsizliyinə verilən yüksək önəm dövlətimizin bu sahəyə strateji baxışla yanaşdığını sübut edir. Xankəndidə keçirilən bu forum da həmin strategiyanın bariz nəticəsidir.

III Qlobal Media Forumu, Azərbaycanın post-münaqişə dövründə beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndiyini təsdiqlədi. Xankəndidə dünya mediasının toplanması sadəcə bir tədbir deyil, Azərbaycanın gücünün, iradəsinin və beynəlxalq nüfuzunun göstəricisidir.

Qeyd etmək istərdim ki, bu Forum həm Qarabağın dirçəlişi, həm də milli informasiya mübarizəmizin daha yüksək mərhələyə keçməsi baxımından tarixi əhəmiyyətə malikdir. Bu uğurun təməlində isə cənab Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti dayanır.

Azərbaycan qalib dövlətdir. Qələbəmiz Xankəndidə təkcə hərbi-siyasi deyil, informasiya cəbhəsində də təcəssümünü tapdı. III Qlobal Media Forumu bu reallığın təsdiqidir.

Mansur QULİYEV,

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər