Dövlət başçısının Sərəncamı ilə doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin təqaüdləri artırıldı
Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 22 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib. Azərbaycan vətəndaşının maraqlarının, həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsi əsas hədəflərdən biri olaraq qarşıya qoyulmuşdur. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Həyata keçirilən tədbirlərin, islahatların davamı olaraq Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə Sərəncam imzalayıb. Sənədə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına verilən təqaüdlərin məbləği 2025-ci il sentyabrın 1-dən etibarən artırılacaq. Belə ki, doktorantura səviyyəsində təhsil alanlar üçün elmlər doktoru hazırlığı üzrə təqaüdün məbləği 450 manat (əvvəl 400 manat), fəlsəfə doktoru hazırlığı üzrə isə 300 manat (əvvəl 240 manat) müəyyən edilib. Ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil alan tələbələrdən akademik göstəriciləri 91–100 bal arası olanlara 240 manat, 71–90 bal arası olanlara 180 manat, 51–70 bal arası olanlara isə 120 manat təqaüd veriləcək. Bakalavriat səviyyəsində (o cümlədən əsas (baza ali) tibb təhsili) təhsil alan tələbələr üçün bu məbləğlər müvafiq olaraq 91–100 bal üçün 200 manat, 71–90 bal üçün 160 manat, 51–70 bal üçün isə 110 manat olacaq. Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrdən 91–100 bal toplayanlara 110 manat, 71–90 bal arası nəticə göstərənlərə 90 manat, 51–70 bal arası olanlara isə 70 manat məbləğində təqaüd ayrılacaq. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsində qiyməti "5" (91–100 bal) olan tələbələrə 110 manat, qiymətləri "4" və "5" (71–100 bal) olanlara 90 manat, qiymətləri "3"–"5" (51–100 bal) olanlara isə 70 manat təqaüd ödəniləcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib. Bununla əlaqədar Prezident İlham Əliyev yeni Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"AZƏRBAYCANDA SABİTLİYİN TƏMİNATÇISI AZƏRBAYCAN XALQIDIR"
Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Son 22 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmışdır.
Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. Təbii ki, uğurlu islahatların aparılması ölkəmizdə sabitliyin mövcudluğundan qaynaqlanır. Ölkəmiz dünyada belə sabitlik adası kimi tanınıb. Dövlət başçısı çıxışlarında vurğuladığı kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər". Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur.
Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını yüksəldir. Vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının Fərman və Sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.
Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımlar görülən işlərin davamıdır. 23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamı dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırıldı. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Həqiqətən də, bu sosial addımlar əhali tərəfindən böyük məmnunluqla qarşılanır. Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır.
UĞURLU SOSİAL İSLAHATLAR PAKETİ
"Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı sosial sahədə görülən işlərin davamı kimi səciyyələnir. Fərmana əsasən, bu il iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırıldı.
Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir. Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırıldı. Yeni Fərmanda həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılmış oldu. Eyni zamanda övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırıldı.
Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Ölkəmizdə son 22 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Dövlət tərəfindən həyata keçirilən sosialyönlü tədbirlər nəticəsində, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbat və ehtiyacları yüksək səviyyədə ödənilib. Sosial sahə istiqamətindəki sərəncam və fərmanlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir. Pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin və digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olmuş oldu.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək.
Zümrüd BAYRAMOVA