PDF Oxu

Siyasət

  • 650

Həsənriz kəndinə növbəti köç

image

Əzəli sakinlərdən bu mərhələdə 29 ailə - 114 nəfər doğma yurda köçürüldü

Tərtər rayonundan yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatdı. Ağdərə rayonunun Həsənriz kəndində 29 ailə olmaqla, 114 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşdu. İşğaldan azad olunan ərazilərimizdə yeni bir dövrün başlandığını ifadə edən tarixi köçlər. Abadlıq-quruculuq, yeni həyata qayıdış dövrü kimi xarakterizə edilən bir zamana şahidlik edirik. Yaddaşımızda daşlaşacaq bir qayıdış əzəli sakinləri doğma yurda qovuşdurur. Həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz tarixi günlər. Yüzlərlə insanın qanı tökülən torpaqlarda doğma insanların səs-sədası eşidilir. Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə əzəli sakinlərini sevinc göz yaşlarında çatdırdı.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

İyulun 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb. Həsənriz kəndinə bu mərhələdə 29 ailə - 114 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

MÜBARİZƏ VƏ BİRLİK SİMVOLU

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik strategiyası və ordunun qətiyyətli fəaliyyəti ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Dövlət başçımızın "Qarabağ Azərbaycandır!" sözləri mübarizə və birlik simvoluna çevrildi və Prezidentlə xalqın sıx birliyi Böyük Zəfərin təminatına çevrildi. Azərbaycan xalqı üçün Zəfər Günü həm qürurumuzu yaşadan, həm də gələcəyin parlaq hədəflərinə gedən yolda mühüm bir tarixdir. Prezident İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik". Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan yeni bir dövrünə qədəm qoyub. Azərbaycan daha uğurlu bir gələcəyə doğru irəliləyir. Tarixi Zəfərimiz ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır.

BÖYÜK QAYIDIŞI DAHA DA SÜRƏTLƏNDİRƏCƏK SƏNƏD

İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olub. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.

Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə

"Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bütün bunlar Böyük Qayıdışı daha da sürətləndirəcəkdir.

"BU TORPAQLARDA ƏBƏDİ YAŞAYACAĞIQ"

Bu gün ermənilərin viran qoyduqları ərazilərdə irimiqyaslı layihələr icra olunur. Şəhərlərin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir. "Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq", - deyə Prezident bildirib.

Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir.

Məlumdur ki, görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinləri doğma yurdlarına qayıtdılar. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır.

QURUB-YARADAN, MƏĞRUR VƏ QALİB XALQ

44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan artıq öz torpaqlarına sahibdir. Dünya ölkələrindən gələn nümayəndələr erməni xisləti, barbarlığı ilə yaxından tanış olur və real vəziyyət onların acı təəssüratlarını qələmə almağa, fikirlərini dünya ictmaiyyətinə çatdırmağa vadar edir. Bildiyimiz kimi, dünya ölkələrində olan KİV-lər müharibə dövründə hadisələrin gedişi ilə yaxından tanış oldudar və erməni təcavüzkarlığı ilə bağlı gördükləri bu vəhşiliklərlə bağlı olan düşüncələrini daha da dərinləşdirdi. Bərdə, Gəncə kimi şəhərlərə dinc əhaliyə qarşı vandallıqları hər kəsi hiddətləndirdi. Bu gün Qalib bir dövlətin işğaldan azad olunan torpaqlarına səfər edərək mövcud vəziyyətlə, dağıdılmış və viran qoyulmuş ərazilərimizlə yaxından tanış olurlar.

Əlbəttə ki, bu gün Böyük qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Böyük Qayıdış və görülən işlər, icra olunan layihələr də dünyaya Azərbaycanın iqtisadi gücünü, potensialını və həmrəyliyini bir daha nümayiş etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurumuzda azad nəfəs alır və qurub yaradırıq. Qurub-yaradan, məğrur və QALİB xalq olaraq!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər