Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, YAP Mərkəzi aparatının məsul əməkdaşı Əli Axundov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
YAP Astara rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev partiyanın dövlətçilik tarixində oynadığı misilsiz roldan bəhs edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında sabitliyin, inkişafın və milli həmrəyliyin əsas dayağına çevrilib: “Bu partiya həm də xalqın iradəsi, dövlətçilik ideyaları və gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvədir. YAP Astara rayon təşkilatı 32 illik fəaliyyətində dövlətə sədaqət, Vətənə xidmət və xalqla bağlılıq nümunəsi sərgiləyib”.
Daha sonra YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov yaradılmasının 32 illiyi qeyd edilən rayon təşkilatının hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. H.Cəfərov tədbir iştirakçılarına təşkilatın keçdiyi yol, son illərdəki fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə geniş məlumat verib. O çıxışında bildirib: “1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, regional inkişaf siyasətinin və milli maraqlara əsaslanan strategiyanın uğurla reallaşdırılmasına böyük töhfə verir. YAP Astara rayon təşkilatının ərazi partiya təşkilatlarının say və fəallığının artması, gənclərin və qadınların ictimai-siyasi həyatda daha fəal iştirakı davamlı uğurlar üçün möhkəm təməlin formalaşdığını nümayiş etdirir”.
Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov öz çıxışında YAP-ın ideoloji baxımdan Qafqazın ən güclü siyasi təşkilatı olduğunu vurğulayıb: “Yeni Azərbaycan Partiyası güclü ideologiyaya malik bir siyasi məktəbdir. Bu məktəbdən dövlətçilik ruhunda tərbiyələnmiş minlərlə gənc yetişir. Qələbələrimizin təməlində məhz bu partiyanın formalaşdırdığı milli birliyi və strateji baxışı görürük. 2020-ci ilin Vətən müharibəsi və postmüharibə dövründə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət partiyanın liderlik keyfiyyətlərini bir daha sübut edib”.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək tarixi faktlara toxunub. O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi, o vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayıb: “Müstəqilliyimizin ilk illəri çox ağır keçib, xalqımız böyük faciələrlə üzləşib. Belə bir vəziyyətdə xalqın görkəmli nümayəndələri, vətənpərvər insanlar ölkəmizin nicat yolunu Ümummilli Lider Heydər Əliyevin simasında görüb, məhz buna görə Ulu Öndərə müraciət ünvanlayıblar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetiriblər. Həmin 91 ziyalı arasında üç nəfərin Astaradan olması təsadüfi deyil. Bu, astaralıların Ulu Öndərin siyasi xəttinə olan bağlılığı və milli məsuliyyət hissinin göstəricisidir. Astara həmişə dövlətə və partiyaya sədaqətli insanları ilə seçilib, bu ənənənin hazırda qorunması sevindirici haldır”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov tədbirdə geniş çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna və bugünkü güclü mövqeyinə diqqət çəkib. O bildirib ki, YAP yalnız bir siyasi təşkilat deyil, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin dayaqlarından biridir: “Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında sabitliyin, milli birliyin və dövlətçilik dəyərlərinin təminatçısı rolunu oynayır. Partiyanın vətəndaşlara xidmət fəlsəfəsinə söykənən fəaliyyət prinsipləri bu gün də aktuallığını və nüfuzunu qoruyub saxlayır. YAP-ın uğurlarının əsasında möhkəm ideoloji təməl, güclü liderlik və xalqla qurulan etibarlı münasibət dayanır”.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman və təşəkkürnamələr təqdim olunub.