Festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə təsadüf edir
Milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsidir. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş bir şəkildə təbliğinə meydan verir. Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı sərəncamlar mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsində önəmli amillərdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsini verir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, "Muğam aləmi" festivalının təşkili, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan olmaqla yanaşı, Azərbaycan və muğam sənəti ilə bağlı geniş təsəvvürün yaranmasına də səbəbdir. Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə və festivallar da Azərbaycan milli mədəniyyətini Qərb dünyasına daha da yaxınlaşdırır. Beynəlxalq aləmdə keçirilən sərgilər və Azərbaycan mədəniyyət günləri Şərqlə Qərb mədəniyyətlərinin qovuşmasında bir körpü rolunu oynayır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, VI Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalı, İkinci Beynəlxalq Aşıq Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar da Azərbaycanın real mənzərəsinin təbliğində önəmli rola malikdir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var. Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirdi. Azərbaycan diyarı və onun musiqisi haqqında çox məqamları qonaqlara təqdim edir.
BEYNƏLXALQ MƏDƏNİ DİALOQUN ÜNVANI
eydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə təsadüf edir. Elə builki festivalda da dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunur. Ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətimiz üçün əlamətdar hadisədir. 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq on dörd ildir ki, dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq, beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu sənət bayramı təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda, xalqları birləşdirən, sərhədləri aşan mənəvi dəyərlərin təcəssümüdür.
Festivalın açılış mərasimində izləyicilərə maraqlı proqram təqdim olunub. Həmin axşam Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert proqramı ilə yadda qalıb. Festival Üzeyir bəyin "Cəngi" əsəri ilə açılıb.
Musiqi tariximizin inciləri ilə dolu axşamda tanınmış bəstəkarların seçilmış əsərləri səslənib. İzləyicilər Səid Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin və digər bəstəkarların əsərlərini, eləcə də xalq mahnılarını dinləyiblər.
Festival iyulun 29-dək davam edəcək. Bu günlərdə Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək. Azərbaycanla yanaşı Latın Amerikası, Litva, Gürcüstandan dünyaşöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri öz rəngarəng çıxışları ilə məharətlərini bir daha nümayiş etdirəcəklər. Festival çərçivəsində klassik musiqidən muğama, cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq.
QƏBƏLƏNİN DÜNYADAN EŞİDİLƏN SƏSİ
Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Son illər Qəbələ çox gözəl və müasir şəhərə çevrilib. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sıra da çəkilməsi uğurlardan xəbər verir. Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilməsi təqdirəlayiqdir. Bu, hər bir azərbaycanlının sevinc, qürur mənbəyidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanmış, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan məqamlar iştirakçılara cənnəti xatırladır. Açıq havada kamera, simfonik musiqini dinləmək, muğamın sehrinə düşmək elə cənnəti yaşamaqdır. Real mənzərə Azərbaycanın dünyada nüfuzunun gündən-günə artmasına dəlalət edir. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycanın birinci xanmı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etməsi mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayılmasına şübhə oyatmır. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunu bir daha təsdiqləyir.
Festivalının açılışı böyük bir bayram əhvali-ruhiyyəsi bəxş edir.
Təbii ki, mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi olub və müasir dünyamızda da baş verən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir.
Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Hər zaman Qəbələ Beynəlxalq Musiqi Festivalına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan bu gün də öz təcrübəsindən yararalanaraq, festivalı uğurla başa vuruacaqdır. Bu dəfə də gözəl təbiəti olan Qəbələdə klassik musiqi axşamları insanlarda xoş ovqat yaradacaq. Festivalda çox görkəmli ifaçıların iştirak etmələri mötəbər tədbirin əks-sədasını bütün dünyada çox geniş yayaraq, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevirir. Festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə yadda qalır. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ daha bir musiqi festivalına ev sahibliyi edərək, tarixinə yeni səhifə yazır.
Zümrüd BAYRAMOVA