2025-ci il iyulun 19-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumun açılış mərasimi Azərbaycanın ictimai-siyasi və informasiya həyatında dönüş nöqtələrindən biri kimi tarixə yazıldı. Forumun məhz Xankəndidə –keçirilməsi həm daxili auditoriyaya, həm də dünya ictimaiyyətinə ünvanlanmış güclü və strateji mesaj idi. Prezident İlham Əliyev çıxışında təkcə keçmişə deyil, gələcəyə hesablanmış, sülhə, informasiya ədalətinə və regional sabitliyə çağıran fikirlər səsləndirdi. Forumun Xankəndidə keçirilməsi Azərbaycanın postmünaqişə dövründə informasiya müstəvisində üstünlüyü ələ aldığını göstərdi. Prezidentin çıxışında bu mövzuya xüsusi vurğu edilərək bildirildi ki, artıq Azərbaycanın informasiya suverenliyinə qarşı yönəlmiş xarici təsirlər əvvəlki qədər effektiv deyil. Çünki dövlət həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində suverenliyini bərpa edib və bunu qorumağa qadirdir. Prezident İlham Əliyev medianın yalnız xəbər ötürən vasitə deyil, həm də ictimai şüurun formalaşmasında, sülhün və milli birliyin bərqərar olunmasında əsas vasitələrdən biri olduğunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev çıxışında Ermənistan və ona havadarlıq edən bəzi beynəlxalq dairələrin hələ də regionda köhnə stereotiplərlə düşünməyə çalışdıqlarını qeyd edərək bildirdi ki, Azərbaycan artıq təkcə siyasi və hərbi güc mərkəzi deyil, eyni zamanda regional informasiya liderinə çevrilməkdədir. O, bildirdi ki, informasiya manipulyasiyaları, dezinformasiyalar və beynəlxalq medianın bəzən birtərəfli mövqeyi ilə aparılan təbliğat kampaniyalarına qarşı güclü və ağıllı informasiya siyasəti formalaşdırmaq Azərbaycanın qarşısında dayanan əsas çağırışlardan biridir. Forum çərçivəsində verilən ən güclü mesajlardan biri də Azərbaycan dövlətinin informasiya mübarizəsində tək olmadığını göstərən çıxışlar və əməkdaşlıq çağırışları idi. Bu, təkcə informasiya təhlükəsizliyi baxımından deyil, həm də ortaq dəyərlərin və maraqların müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu çağırışla göstərdi ki, Azərbaycanın informasiya siyasəti artıq lokal deyil, qlobal kontekstdə formalaşır. Prezident İlham Əliyevin çıxışında medianın sülhün və davamlı inkişafın qurulmasında rolu da xüsusi yer aldı. Prezident İlham Əliyev vurğuladı ki, postmünaqişə dövründə medianın əsas missiyası təkcə informasiyanı yaymaq deyil, həm də cəmiyyətlər arasında körpü rolunu oynamaq, nifrət ritorikasının qarşısını almaq və barış mesajlarını yaymaqdır. Azərbaycan bu istiqamətdə həm daxili, həm də beynəlxalq medianı bu prosesə cəlb etməyə hazırdır. Sonda qeyd edilməlidir ki, Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin iştirakı ilə baş tutan bir tədbir deyil, həm də Azərbaycanın müasir dünyada informasiya liderliyində əhəmiyyətli mövqeyini göstərən, strateji və ideoloji baxımdan mühüm bir platforma idi. Prezident İlham Əliyevin bu Forumdakı çıxışı isə Azərbaycanın qalibiyyət tarixinin informasiya cəbhəsində də davam etdiyini və bu prosesin yalnız başlanğıc olduğunu təsdiqlədi.
Aytən Qurbanova
YAP Yasamal rayon "H.B. Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
19 saylı Şəhər Poliklinikasının baş həkimi