Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, xidmətin şəxsi heyəti, DQİDK-nin nümayəndəsi və din xadiminin iştirakı ilə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra tədbirin keçirilməsinin əsas məqsədi barədə danışılıb, şəxsi heyətə dini radikalizmin mahiyyəti izah olunub, onun milli təhlükəsizliyə və ictimai sabitliyə törətdiyi təhlükələr diqqətə çatdırılıb, eləcə də, gənc hərbi qulluqçular arasında radikal təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.Çıxış edənlər vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, xalqa, dövlətə və Müzəffər Ali Baş Komandana bağlılıq prinsiplərinin DSX-də əsas prioritet olduğunu bildiriblər.DQİDK-nin nümayəndəsi çıxış edərək dini radikalizmin yaranma səbəbləri, xarici təsirlər və bu meyillərə qarşı aparılan dövlət siyasəti barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dinə, dini dəyərlərə yüksək hörmət göstərilir. Lakin bəzi xarici dairələr bu həssas sahədən sui-istifadə edərək radikal düşüncələri yaymağa çalışır və xüsusilə gəncləri hədəf seçirlər. Radikal ideologiyaların yayılması yalnız dini deyil, həm də ictimai sabitliyi pozmağa yönəlmiş təhlükəli tendensiyalardır, onlara qarşı həm hüquqi, həm də mənəvi mübarizə vacibdir.Yerli din xadimi dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb, əsl İslamın dinc, ədalətli və mərhəmətli bir din olmaqla, zorakılığı, nifrəti və cəmiyyətə qarşı çıxmağı qəti şəkildə rədd etdiyini doqqətə çatdırıb. İlahiyyatçı, eyni zamanda, gəncləri düzgün dini biliklərə yiyələnməyə, etibarlı mənbələrdən məlumat almağa və dini fanatizmə qarşı ayıq-sayıq olmağa çağırıb.Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.