PDF Oxu

Siyasət

  • 534

Ədalətli və tam qələbə!

image

Prezident İlham Əliyev: "Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən"

Regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilən tarixi şəhərimiz Şuşa beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh məkanına çevrilib. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir araya gəldilər. Ümumilikdə 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirak etdiyi builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuşdu. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəldildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə yerli və xarici media nümayəndələrinin Ona ünvanladığı müxtəlif istiqamətləri əhatə edən sualları cavablandıraraq ölkəmizin strateji istiqamətlərini, tutduğu yolu, məqsədlərini bir daha dünyanın diqqətinə çatdırmış oldu.

Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsinə həsr edilmiş tədbirdə bir çox vacib məsələlərə toxunuldu. Dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan, media azadlığının təmin olunduğu, internet medianın inkişaf etdiyi bir dövlətin Prezidentinin səslədirdiyi fikirlər bu günün reallıqlarını tam əks etdirir. "Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq"- deyə Azərbaycan Prezidenti bildirib.

"BİZ DƏ QƏRAR VERDİK Kİ, YENİ REALLIQLAR YARADACAĞIQ"

Azərbaycan Prezidenti ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrə toxunaraq, Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını və onun ərazi bütövlüyünün pozulduğunu, torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu diqqətə çəkib. _"Mən 2003-cü ilin sonlarından etibarən danışıqlar prosesində iştirak edirdim. 17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, – bəlkə də heç də faydalı olmayan, – və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır. "Reallıq budur, siz bununla barışmalısınız". Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi – görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar", - deyə Prezident diqqətə çatdırıb. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etmişdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. "Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı", - deyən dövlət başçısı qeyd edib ki, biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Azərbaycan yeni reallıqları 2020-ci ildə 44 günlük Vətən müharibəsində yaratmış oldu. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Əməliyyat 24 saata qədər çəkmişdir. Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. "Ədalətə inamım demək olar ki, itmişdi, keçmiş köçkün vətəndaşlarımız kimi. Onlarla daim görüşür və deyirdim ki, "inanın, biz qayıdacağıq". Amma hər il onların gözlərində inamın azaldığını görürdüm. Axı, gözlər hər şeyi deyir. Onlar mənə deyə bilərlər ki, bəli, inanırıq, amma gözlər hər şeyi deyir. Mənim də inamım az idi, ədalətə inamım. Amma bizim Qələbəmiz, – bu, ədalətli və tam qələbədir, – göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır", - deyə Azərbaycan Prezidenti Ona ünvanlanan sualı cavablandırarkən bildirib. Dövlətimizin başçısı onu da diqqətə çəkib ki, Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır: "Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər.

Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu".

AYDAN-AYA, İLDƏN-İLƏ QAYIDAN VƏTƏNDAŞLARIN SAYI ÇOXALACAQ, QARABAĞ, ŞƏRQİ ZƏNGƏZUR DİRÇƏLƏCƏK

Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Bu tədbirlər nəticəsində Qarabağdakı xunta rejimi darmadağın edildi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu gün suveren və bütöv Azərbaycan yeni reallıqlar yaradıb. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlətin reallıqlarını bir daha təcəssüm etdirir. Qalib Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir Sənəddir.

Bu günün reallıqları çərçivəsində Azərbaycanın mövqeyi, haqq səsi, qlobal hadisələrə münasibəti dünyanın müxtəlif ölkələrindən gələn insanların diqqətinə çatdırılır. Dünyada baş verən qlobal siyasi cərəyanlar təbii ki, Cənubi Qafqaza da təsirini göstərir. Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası artıq regionda yeni reallıqlar yaratmışdır. Əlbəttə ki, Prezident İlham Əliyevin Forumda bir çox məsələlər, o cümlədən regionda baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlər dünyaya bir mesaj oldu. Münaqişələr və qarşıdurmalar tarixiə qovuşub. 44 günlük Vətən müharibəsindən sonra Böyük Qayıdış strategiyası çərçivəsində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri ölkəmizin iqtisadi gücünün göstəricilərindəndir. "Böyük Qayıdış" Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən "Böyük Qayıdışın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb. Keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb və 50 mindən artıq insan həmin ərazilərdə yaşayır.

"BU TORPAQLAR ÜÇÜN O QƏDƏR DARIXMIŞIQ, O QƏDƏR BU TORPAQLARIN HƏSRƏTİNDƏ OLMUŞUQ Kİ, İNDİ QAYITMIŞIQ…"

Təbii ki, qısa bir zaman məsafəsində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara müraciət ünvanlanıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

"Qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik", - deyə Azərbaycan Prezidenti bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər